Prezident İlham Əliyev: "Deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik"
Böyük Qayıdış tarixində daha bir əlamətdar hadisəyə – yaddaşımızda daşlaşacaq bir qayıdışa Xocalı qayıdışına şahidlik etdik. 32 il həsrətlə, intizarla, göz yaşları içərisində gözlədiyimiz tarixi bir gün. Yüzlərlə insanın qanı tökülən bir şəhərə qayıdış, inləyən, sızlayan bir şəhərə qayıdış. Bir gecənin içində məhv olan sakinləri dərbədər düşən, qocası, uşağı zillətlə məhv edilən bir torpağa qayıdış.
Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Bəli, xocalılılar şəhərə qayıdırlar. Birinci mərhələdə 20 ailə Xocalıya qayıtdı. Bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüf etməsi heç də təsadüfi deyildi. "Keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur". Bu sözləri mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı dövlətimizin başçısı bildirib. O sakinlərlə ki, illərin yarası qaysaqlanmayıb. O sakinlərlə ki, körpə ikən buradan qarlı-şaxtalı bir gecədə fəryad edərək ana qucağında, yaxud anasını qanı tökülmüş torpaqda qoyaraq məcburən qovulmuşdu. Əlbəttə ki, bu gün biz qalib xalq kimi yaşasaq da ötən illərdə yaşadığımız faciələr tariximizin səhifələrinə həkk olunub və o, tarixi dövr yaddaşımızda qövr edir. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür. Bu illər ərizində bu torpaqlara qayıdacağımız günü gözləyirdik. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.
"HƏM VƏTƏN MÜHARİBƏSİ, HƏM ANTİTERROR ƏMƏLİYYATI XALQIMIZIN GÜCÜNÜ, İRADƏSİNİ, ƏSGƏR VƏ ZABİTLƏRİMİZİN QƏHRƏMANLIĞINI BÜTÜN DÜNYAYA SÜBUT ETDİ"
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. "Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" – deyə Prezident bildirib.
Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.
QALİB SƏRKƏRDƏNİN VERDİYİ MESAJLAR
Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. "Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə" – deyə Prezident qeyd edib: "Xocalılılar müxtəlif yerlərdə məskunlaşmışdılar və müstəqillik illərini Xocalıdan ayrı keçirməli oldular. Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular, o cümlədən Ağcakənd kəndində. Bildiyiniz kimi, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salınmışdır".
Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsini ucaldır, mesajlarını verir, dünya bunu görür və eşidir.
"GƏRƏK, İLK NÖVBƏDƏ, ERMƏNİSTAN ÖZÜ BU FACİƏNİ, BU CİNAYƏTİ, HƏRBİ CİNAYƏTİNİ TANISIN"
Bildiyimiz kimi, cari ilin fevralın 26-da Xocalı soyqırımı günü Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Cənab Prezident bildirib ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın."
CƏMİ 8 AY ƏRZİNDƏ BƏRPA EDİLMİŞ XOCALIDAYIQ
Əlbəttə ki, bizlərə bu tarixi günləri yaşadan vətənin mərd oğulları, mübariz ruhlu oğullarıdır. "Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq" – deyən Prezident bildirib ki, onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək.: "Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.
Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək. Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda".
Bu gün Xocalı yenidən qurulur. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.
İLK MƏRHƏLƏDƏ 12 MİN NƏFƏRLİK ŞƏHƏR PLANLAŞDIRILIR
Xocalı sakinlərindən birinin bildirdiyi kimi, bizim əhali XX əsrin faciəsini yaşayıb, Xocalı faciəsini. Burada olan bütün insanlar o faciədən çıxmış insanlardır. Bütün bunlara baxmayaraq, bu gün onların sevincinin həddi-hüdudu yoxdur. "Kədərliyik ona görə ki, Xocalı faciəsini yaşamışıq, Xocalı faciəsindən çıxmışıq. Xocalıda elə bir ailə yoxdur ki, həmin faciə vaxtı itki verməsin, şəhid verməsin. Yəni, bütün bunlara baxmayaraq, Sizin xarici və daxili siyasətiniz nəticəsində bizim torpaqlarımız azad edildi. Daha sonra keçən ilin sentyabr ayında antiterror əməliyyatı nəticəsində Xocalımız separatçı ermənilərdən təmizləndi və azad edildi. Sizin sayənizdə qısa müddət ərzində Xocalımız belə gözəlləşdi" – deyə şəhər sakini diqqətə çəkib.
Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır.
Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər.
XOCALI MÜASİR ŞƏHƏR OLACAQ
Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək. Xocalı müasir şəhər olacaq. "Mən dəmir yolu ilə də bağlı göstəriş verdim. Ağdam-Xankəndi dəmir yolunun bərpası, yəni yenidən qurulması layihəsi hazırlanır. Xankəndi dəmir yolu vağzalının layihəsi mənə təqdim edilmişdir. Yəqin ki, o vağzal bir az fərqli yerdə yerləşəcək, daha uyğun. Ona görə də dəmir yolu ilə buradan - Xankəndidən, Xocalıdan istənilən istiqamətə getmək mümkün olacaq. Həm Bakıya, həm qərb istiqamətinə, Gəncəyə. Ona görə də gediş-gəliş rahat olacaq. İndi Ağdam, Əsgəran, Xankəndi yolunu da genişləndiririk. Siz yaxşı bilirsiniz ki, o yol dar idi" – deyən Prezident onu da bildirib ki, indi dördzolaqlı yol olacaq: "Yəqin ki, Ağdam-Bərdə yolunu görmüsünüz. Necə də gözəl olub. Bu tərəfdən də Şuşaya cəmi 20 dəqiqəlik yoldur, oradan Laçına. Laçın-Şuşa yolunda bir neçə tunel, körpü inşa edilir. Yəqin ki, siz o yol ilə çox gedib-gəlmisiniz. Hamısı belə serpantin idi. Bu serpantinləri də düzəldirik, körpülər, tunellər. Şuşadan Laçına maksimum 25 dəqiqəyə getmək mümkün olacaq. Deməli, buradan bütün yaxın qonşu rayonlara da gediş-gəliş çox rahat olacaq. Xankəndidə Qarabağ Universiteti, uşaqlarınız orada oxuyacaqlar. Şuşa da ki, indi dünyanın ən gözəl şəhəridir və olacaq".
Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqeyi də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.
Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, mədəniyyət paytaxtımız Şuşa şəhərinin çox yaxında yerləşdiyini də nəzərə alaraq, regionla inteqrasiyasına xüsusi önəm verilib. Bu tərəfdə Xocalı şəhərinin tünd qəhvəyi rənglə əvvəl mövcud olmuş sərhədləri göstərilib, 610 hektar təşkil edirdi. Hazırda isə 1300 hektara yaxın ərazi nəzərdən keçirilir.
Göründüyü kimi, cəmi səkkiz ayda belə quruculuq işləri aparılıb. "Mən xüsusi tapşırıq vermişdim, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik" – deyə Prezident bildirib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalıda Sənətkarlar məhəlləsində olublar. Əvvəlcə "AzeRobot Education" robototexnika tədris mərkəzinin Xocalıdakı filialında yaradılan şəraitlə tanış olublar. "AzeRobot Education" artıq üç ilə yaxındır fəaliyyət göstərir. Bu Xocalıdakı doqquzuncu filialıdır. Proqramlaşdırma, mühəndislik və robototexnika. Beş yaşında uşaqlardan tutmuş şagirdlərə və gənclərə IT sahəsini tədris edilir. On yeddi modulu var, yəni, süni intellekt, kibertəhlükəsizlik, proqramlaşma. Xocalıda da artıq bu fəaliyyət başlayıb.
“BURADA YAŞAMAQ, YARATMAQ HƏR BİR İNSANA XÜSUSİ ZÖVQ VERƏCƏK”
Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur: "Həm abad, gözəl evlər, istirahət zonaları. O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi. Sizi təbrik edirəm", - deyə dövlət başçımız bildirib.
Zümrüd BAYRAMOVA