“Cənubi Qafqazın iki ölkəsində müxtəlif danışıqlar keçirildiyini, müxtəlif fikirlərin irəli sürüldüyünü görürük. Həmçinin sözügedən ölkələrdə nümayişlər də keçirilir. Bu, əlbəttə ki, Cənubi Qafqazda gərginliyin artmasına xidmət edir. Bu nümayişlərin arxasında müxtəlif geopolitik mərkəzlər dayanır, dəstək göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, nümayişlər qonşu Gürcüstanda məlum qanuna qarşı siyasi elita və prezident arasında fikir ayrıseçkilikləri özünü göstərir: “Ermənistanda isə nümayişlər Nikol Paşinyanı devirmək, Azərbaycanla sülh prosesinə qarşı çıxmaq, razılıqları pozmaq, revanşistləri hakimiyyətə gətirmək məqsədi daşıyır. Bu mənada Ermənistanda meydanlarda din xadimləri görünməkdədir.Bu ayrı-ayrı düşüncələri, ayrı-ayrı qütbləri təmsil edən qüvvələrin mübarizəsi olsa da, ümumilikdə Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə qarşı yönəlib. Belə görünür ki, güc mərkəzləri Cənubi Qafqazı silkələmək məqsədilə müxtəlif ssenarilər düşünürlər. Bu da təhlükəli tendensiyalarda xəbər verir. Ümumi Cənubi Qafqazda təhlükəsizlik sisteminin pozulmasına yönəlib”.
Müəllif: Səbinə Hüseynli