PDF Oxu

Siyasət

  • 4 272

Ağdam yeni düzəndə: təməli qoyulan kəndlərimiz TƏHLİL

Ağdam yeni düzəndə: təməli qoyulan kəndlərimiz TƏHLİL

Bu gün işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Artıq Zəngilan rayonu Ağalı kəndində, Tərtərin Talış kəndində, Füzulidə, Laçında əzəli sakinlər yurd salıblar. İnsanların doğma yerlərdən səsləri eşdilir. Həmin ərazilərin hər bir daşı, qayası, çayı bu səslər üçün qəribsəmişdi. Ağdam şəhəri də artıq yenidən qurularaq, öz əzəli sakinlərini qoynuna alacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban ƏliyevanınAğdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfərlər çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Ağdamın tezliklə qurulmasının göstəricisidir."Qafqazın xirosiması" Ağdam bu gün böyük quruculuq və abadlıq meydanıdır. Bildiyimiz kimi, 10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı.Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri yerlə-yeksan ediblər. Buna görə Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 28-də Ağdam rayonuna səfəri çərçivəsində təməlqoyma mərasimləri bu ərazini tezliklə müasir bir şəhər olaraq əzəli sakinlərin ixtiyarına verilməsini bir daha təsdiqləyir. Cənab Prezident Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub.

TAĞIBƏYLİ KƏNDİNƏ 3840 NƏFƏR KÖÇÜRÜLƏCƏK
Qeyd edək ki, Tağıbəyli kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 725 ailə - 3018 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, qoyun ferması və üzüm bağları fəaliyyət göstərib. O cümlədən Qarabağın məşhur seyidlərindən olan Fuğara ağanın ocağı da burada yerləşir. Kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.
GÜLLÜCƏ KƏNDİNDƏ BİRİNCİ MƏRHƏLƏDƏ 113 EV İNŞA EDİLƏCƏK
Ağdamın Güllücə kəndi də yeni həyatına qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Güllücə kəndinin təməlini qoyub. Burada yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 988 ailə - 4003 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, aptek, maşın-traktor parkı, kənd təsərrüfatı məhsulları anbarı, mal ferması və üzüm bağları var idi. Ərazisi 388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq.
YENİDƏN QURULAN ŞOTLANLI VƏ NƏMİRLİ KƏNDLƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçvəsində rayonunun Nəmirli və kəndlərinin də təməlini qoyub.Nəmirli kəndində 624 ailə - 2515 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, heyvandarlıq ferması və üzüm bağları fəaliyyət göstərib. Kəndin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.Dövlət başçımız tərəfindən rayonunun Şotlanlı kəndinin də təməli qoyulub. Şotlanlı kəndində isə yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər. Kənddə 606 ailə - 2542 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, ərzaq mağazası və üzüm bağları fəaliyyət göstərib.Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.
AĞDAMDA BAŞ PLANINA UYĞUN SALINAN YAŞAYIŞ MƏHƏLLƏLƏRİ
Bildiyimiz kimi, Ağdamda Xıdırlı kəndində inşa işləri davam edir. Ağdam şəhərininmərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri,təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmişərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatındaalternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur
Baş Plana əsasən, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə "Agdam City Hotel" və "Hilton Garden Inn" layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək.Şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq. Şəhərdə salınacaq Mərkəzi park üçün 5 hektar ərazi ayrılıb. Parkın ərazisi 4 zonaya bölünüb və insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şərait yaradılacaq.İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qayıdışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər