PDF Oxu

Siyasət

  • 2 381

Azərbaycan -Tacikistan əlaqələrinin yeni mərhələsi Şərh

Azərbaycan -Tacikistan əlaqələrinin yeni mərhələsi Şərh

Cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımları əks etdirir. Bu səfər Azərbaycan -Tacikistan münasibətlərində yeni bir mərhələ açaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsinə şərait yaratmışdır.

Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğulanan əsas məqamlar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində atılan konkret addımları əks etdirir. Bu görüşlərdə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələr və müzakirələr aparılıb. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərinin nəticələri iki ölkənin əməkdaşlığını yeni inkişaf səviyyəsinə qaldıracaq. Hər iki ölkə zamanın çətin sınaqlarından çıxıblar. Aktual regional və beynəlxalq məsələlərdə dövlətlərimizin mövqeləri üst-üstə düşür. Xalqlarımızın daha da yaxınlaşması üçün humanitar əlaqələr uğurla inkişaf etdirilir.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Qarşılıqlı siyasi dialoq və mütəmadi səfərlər ölkələrimiz arasındakı əlaqələrin intensivliyini artırmaqla bərabər, onun yeni mərhələyə adlamasına möhkəm zəmin yaradır.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.

Görüşdə, həmçinin, Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanaraq, iki ölkənin müxtəlif sahələrdə, o cümlədən, iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Göründüyü kimi, Azərbaycanla Tacikistanın əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsi üzrə mövqeləri üst-üstə düşür və atılan addımlar əlaqələrin bundan sonrakı inkişafına möhkəm zəmin yaradır.

Elşən SƏFƏROV,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər