Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb.
Bu gün Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əmkdaşlıq arqumentləri dövlətimizin beynəlxalq arenada artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.
Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev cari ilin 23 may 2024-cü il tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirmişdir: ”Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək. Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir. Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.”
Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Beləliklə, bu gün Azərbaycanla Tacikistan bir-birini hərtərəfli formada dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir.
Elmin MƏMMƏDOV,
YAP Ağdam rayon təşkilatının əməkdaşı