105 ailənin Şuşa həsrətinə son qoyulub
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri tariximizə əbədi olaraq həkk olundu. Ölkə başçısının diqqət və qayğısı sayəsində qədim şəhərimiz olan Şuşanın qısa bir zaman məsafəsində dirçəldilməsinə, yenidənqurma-bərpa işlərinə başlanmasına start verildi. Dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərində tarixi və dini abidələr, muzeylər planlı şəkildə bərpa olunur və yeni yaşayış yerərinin təməli qoyulur, eləcə də təmir və bərpadan sonra istifadəyə verilir.
Şuşada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, Şuşa yenidən dirçəlir və yeni inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub. Məhz bunun nəticəsidir ki, artıq əzəli sakinlər öz ocaqlarında məskunlaşırlar. İşğaldan azad olunan ərazilərimiz Füzuli, Laçın kimi Şuşamız da ilk sakinlərini qoynuna alır. Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Şuşa şəhəri bu gün daha 15 ailəyə qucaq açdı və daha 57 şuşalının yurd həsrətinə son qoyuldu.
Otuz iki ildən sonra yenidən Şuşaya qədəm qoyan ailələr bu sevinci yaşayırlar: yurd yerinə qayıdış sevincini. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.
Qeyd edək ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Vurğulayaq ki, otuz iki ildən sonra doğma Şuşaya qayıdan əzəli sakinlər ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri çərçivəsində birinci yaşayış kompleksinin açılışında iştirak edərək, yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olub, şəhərə köçmüş ilk sakinlərlə görüşmüşdülər. "Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim", – deyə Prezident görüşdə çıxış edərkən bildirmişdir.
ŞUŞADA ABADLIQ-QURUCULUQ İŞLƏRİ
Şuşa bu gün yeni bir dövrünə qədəm qoyub. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qafqazda yeganə olan Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
28 ilə yaxın bir tarixdə erməni işğalında qalan Şuşa 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi bu şəhərin böyük mədəniyyət beşiyi olduğunu bir daha təsdiqlədi. Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir.
Ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün güllələnmiş büstləri Şuşaya qaytarıldı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb.
ŞUŞA ŞƏHƏRİ BAŞ PLANA UYĞUN OLARAQ QURULUR
Qeyd edək ki, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Azad Şuşamız hər gün dəyişir və gözəlləşir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının göstəriciləridir. Bütün bu və ya digər tarix, mədəniyyət abidələrinin təmir və bərpası ilə yanaşı, dövlət başçısı tərəfindən Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməli qoyulub. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Cənab Prezident çıxışlarının birində "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etmiş oldu.
TARİXLƏ MÜASİRLİYİN VƏHDƏTİ ÜZƏRİNDƏ OLAN LAYİHƏLƏR
Şuşanın Baş planı hazırlanarkən orada həyata keçirilən bütün layihələrin tarixlə müasirliyin vəhdəti üzərində qurulması nəzərə alınıb. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir. Tarixi məhəllələr çoxdur. Əlbəttə, bütün bu işlərə başlamaq üçün, cənab Prezidentin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi. İlk işlər infrastrukturun bərpası üzrə aparılıb. Burada hər şey ermənilər tərəfindən dağıdılmışdı. Şuşa şəhəri mədəniyyət paytaxtıdır. Hazırda orada rəsmi olaraq 196 abidə var. Onların bir çoxunun bərpasına başlanılıb.
Burada bulaqlar bərpa olunur. Hər məhəllədə, - burada 16 məhəllə olub, - məscid, bulaq və hamam olub. Hamamlardan yalnız biri qalıb, bulaqların hamısı demək olar ki, yararsız vəziyyətə salınıb. Beşmərtəbələr köhnə və əsasən dağılmış vəziyyətdədir. Yeni Baş plana uyğun olaraq, tarixi ərazidə müasir kiçik evlər olacaq. Şəhər məktəbi artıq tikilib və sentyabrda öz şagirdlərini qəbul etməyə hazırdır, 300-ə yaxın şagird burada təhsil alacaq. Şəhər xəstəxanası isə 90 çarpayılıqdır. Payıza qədər onun tikintisi başa çatacaq.
Bütün bu və ya digər görüləcək işlər tarixi Şuşa şəhirimizə yeni sima bəxş edəcək və buraya qayıdan əzəli sakinlərin rahat və firavan yaşayışının təminində rol oynayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI