PDF Oxu

Siyasət

  • 3 338

Sədərəyin Zəfər yolçuları

Sədərəyin Zəfər yolçuları

1990-cı ildə 11-ci sinfi bitirdik. Bizimlə birlikdə 8-ci sinfədək oxuyan bir Mehmanımız da vardı. Ortaboylu, qarayanız, çox tərbiyəli oğlan idi. Yaxşı oxumasa da, dərsdə digər yaxşı oxumayan oğlanlardan fərqli olaraq səsi çıxmazdı. 8-ci sinfin sonunda texniki-peşə məktəbinə qəbul olundu, bu səbəbdən də bizdən ayrıldı. Bir peşə öyrənməyə getdi ki, gələcəyini o peşə üzərində qura, ailəsi, uşağı üçün bir tikə çörək qazana bilsin. Lakin aradabir məktəbə-bizi görməyə gəlirdi... Və günlərin bir günü gələcək həyata min bir arzu ilə hazırlaşan Mehman torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid oldu.

May ayı Mehmanın ayıdır. O, 32 il əvvəl mayda şəhid olub. Bu günlər eşitdim ki, Şahbuzda Mehmanın anım günü ilə bağlı möhtəşəm bir tədbir keçirib. Fotoları gördüm. 32 ildir, başı qara örpəkli Çəmən xalanın üzündə, duruşunda bir qürur olduğunu sezdim. Axı Mehmanların başladığı yol bizə böyük Zəfəri, ərazi bütövlüyümüzü nəsib etdi. Axı Birinci Vətən müharibəsi İkinci Vətən müharibəsinə aparan yol oldu. Bu yolda ölkəmizin digər bölgələri kimi, Sədərək də var idi. Və Sədərəkdə şəhid olan yüzlərlə igid oğul Zəfər yolçuları idi. Onlar başladılar, övladları, nəvələri bitirdilər.

Sinif yoldaşım Mehman dünyadan nakam köçdü, nə toy, nə övlad gördü. Onunsa özünün qərhəmanlığı, ərliyi, Vətən yolunda canından, gəncliyindən keçməsi gənc nəslə nümunə oldu.

Sədərəkdə yazılan gündəlik

Biz məktəbi bitirməzdən hələ 2 il öncə artıq Naxçıvanın Ermənistan tərəfdən blokadaya alınmasının təməli qoyulmuşdu. Yadımdadır, 10 və 11-ci siniflərdə qış aylarında dərsdə palto, gödəkcə ilə otururduq. Çünki yollar bağlı idi və məktəbin mazutla işləyən qazanxanası üçün Bakıdan yanacaq gətirilə bilmirdi.

1990-cı ilin yanvarında Bakıda 20 Yanvar hadisəsi baş verən zaman Naxçıvanın Sədərək rayonunun sərhədlərini ermənilər atəşə tutmuşdu, əhali gülləbaran yağışı altında yaşamaq məcburiyyətində qalmışdı. Məqsəd isə Naxçıvanın işğal olunması idi. Bunu bilən naxçıvanlılar isə Sədərəyə üz tutur, canlarını sərhədlərdə sipər edirdi ki, düşmən irəli keçə bilməsin.

Məktəbi bitirdik, universitetə də qəbil olan oldu, texnikuma da, oğlanlardan Mehman da daxil olmaqla, əsgərliyə gedənlər də oldu. O vaxt əsgərliyin bəlli zamanı yox idi. 3-5 illə əsgəri xidmət keçən oğullarımız vardı. Mehman da artıq 1992-ci ildə əsgərlikdə-Sədərək döyüşlərinin qızğın vaxtında orada idi. Hər an qara xəbərlər gələn Sədərəkdə...

1990-1993-cü illərin Sədərək hadisələrinə mərhum şair-publisist Vaqif Məmmədovun “Sədərəkdə yazılan gündəlik” kitabından başqa tam təfsilatı ilə başqa mənbədə rast gəlmək mümkün deyil. Vaqif Məmmədov Sədərəkli olub və hər günün hadisəsini qeyd etməklə, gündəlik yazıb və onu sonralar kitab şəklində nəşr etdirib. Hər bir sətri ovaxtkı Sədərəyin gündəlik faciəvi anları ilə döyünən, həyatını, gəncliyini Sədərəyə gömənlərin acı taleyini, burada yaşayan əhalinin və Naxçıvanın digər bölgələrindən dəstə-dəstə gələnlərin son anadək doğma yurdun müdafiəsinə qalxdığını özündə əks etdirən gündəlik...

“Naxçıvan blokadası” adlı ikicildlik kitabımla bağlı araşdırma aparanda Vaqif Məmmədovun “Sədərəkdə yazılan gündəlik” kitabına da müraciət etməli oldum. Və o zaman kitabın səhifələrində sinif yoldaşım şəhid Mehman Rövşən oğlu Orucovla bağlı qeydləri də gördüm. Neçə gün əvvəl şəhid olduğu hələ də bilinməyən, lakin mayın 28-də-Müstəqillik günü meyiti tapılan əziz, unudulmaz sinif yoldaşım Mehman Orucov...

Gündəlikdən:

28 may 1992-ci il. Bu gün Türkiyə-Sədərək körpüsünün (əsas körpünün) açılışı oldu. Heydər Əliyev, Süleyman Dəmirəl, Ərdal İnönü və başqaları iştirak etdilər. Açılışda iştirak edən rəsmi qonaqların Naxçıvana gedişi ilə əlaqədar Naxçıvan yolu və şəhər bayramsayağı bəzədilib. Sədərək dağlarında isə bir neçə saatlığa atəşi dayandırıblar. Dünən tapılmayan 3 şəhidin meyidini də tapıb dağdan endirdilər. Əbədiyyətə qovuşan həmin 17 nəfər aşağıdakılardır:

Cəfərov Şakir Səttar oğlu - (Sədərək)

Qədimov Hamlet Əli oğlu - (Sədərək)

Muxtarov Vüqar Bayram oğlu- (Sədərək)

Zamanov Fazil İmran oğlu - (Sədərək)

Əliyev Kamran Yaqub oğlu - (Culfa rayonu, Əbrəqunus kəndi)

Xudaverdiyev Səməd İmran oğlu -(Babək rayonu, Çalxanqala kəndi)

Məmmədov Nüsrət Hüseyn oğlu- (Babək rayonu, Sirab kəndi)

Əliyev Malik Qabil oğlu - (Babək rayonu, Zeynəddin kəndi)

Hüseynov Şamil Telman oğlu- (Culfa rayonu, Bənəniyar kəndi)

İbrahimov Əşrəf İbrahim oğlu - (Ordubad rayonu, Baş Dizə kəndi)

Orucov Mehman Rövşən oğlu - (Şahbuz rayonu, Şahbuz qəsəbəsi)

Həsənov Fariz Sabir oğlu -(Ordubad rayonu, Dırnıs kəndi)

Ramazanov Hidayət Əjdər oğlu - (Culfa rayonu, Əbrəqunus kəndi)

İsmayılov Fərmayıl İsmayıl oğlu - (Şahbuz rayonu, Badamlı kəndi)

Ələkbərov Vahid Zahid oğlu- (Şahbuz rayonu, Badamlı kəndi)

Məmmədov Faiq Yaqub oğlu- (Şərur rayonu, Çərçiboğan kəndi)

Həsənov Müşfiq Hüseynqulu oğlu - (Şahbuz rayonu, Kükü kəndi)

...Vaqif müəllimin gündəliyinin ayrı-ayrı tarixlərində onlarla belə siyahı var...

Bu igidlərin arasında sinif yoldaşımın adını görəndə xəyalən 1992-ci ilə qayıtdım və elə Vaqif müəllimin bir bənd şeri ilə gözlərimdə gilələnən yaş Mehman üçün axmağa başladı:

Bu necə yaylaqdır bulağı yoxdur,

Bu necə obadır qalağı yoxdur,

Yurdsa niyə yolu, yolağı yoxdur?

Düzülüb gör hardan, hara çadırlar,

Bu qara çadırlar, qara çadırlar...

1992-ci ildə Mehmanın ölüm xəbərini eşidərkən bizim- onun sinif yoldaşlarının düşdüyü vəziyyəti ifadə etməyə sözün gücü çatmır. Hamımız bir-birimizlə xəbərləşib bir yerə toplaşmışdıq. Hamı sükut içərisində idi. Kimsə bir kəlmə belə danışmırdı.

Mehmangilin evi qəsəbə mərkəzindən xeyli aralı idi. Onların evinədək dərin sükut içərisində getdik. Sanki hər kəs küçənin ortasındaca hönkürməyin bir sözə bənd olduğundan qorxduğu üçün söhbət açmırdı. Elə bu minvalla Mehmangilə çatdıq. Anasının fəryadı həyət qapısından eşidilirdi. Biz yenə də lal sükutla içəriyə daxil olduq və sakitcə əyləşib hönkürərək ağlamağa başladıq. Bizi görən Çəmən xalanın fəryadı bu dəfə göylərə qalxdı...

Mehmanın atasının qəddi bükülmüşdü. Həyətdə bir kənarda dayanmış, sanki gözü kor, qulağı kar, dili lal olmuşdu. Odur ki, ətrafda heç nəyə reaksiya vermirdi. Bu görünüş Rövşən əmidə uzun illər eyni Mehman şəhid olan günkü kimi qaldı. Həm Rövşən əmi, həm də Çəmən xalanın Mehmandan sonra üzləri heç gülmədi.

1992-dən 2020-yə...

Oğul torpaq üçün doğulur, deyirlər. Bunu Çəmən xala kimi, hər bir ana çox yaxşı bilsə də, lakin övlad itirməyin acısını anadan çox yaşayan olmadığı üçün ən çox yanıb-yaxılan da onlar olur. Çəmən xala da bilirdi ki, o torpaqlar uğrunda ölən olmasa, onlar qorunmaz və işğal altında olanlar heç vaxt azad edilə bilməz.

Bu gün şəhid analarının hər biri qürur içərisindədir. Çünki həm birinci, həm də ikinci Vətən müharibəsində onların övladlarının sayəsində torpaqlar həm qorundu, həm də işğaldan azad edildi. Lakin onların qüruru kimi, kədərləri də eynidir. Ona görə ki, eyni qədəri yaşamaq nəsibləri olub.

Beləliklə, 1990-1992-ci ildən başlanan yolçuluq 2020-ci ildə başa çatdı. Vətən oğulları öz sələflərinin yolunu davam etdirərək, müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Qarabağda nümunəvi döyüş taktikası həyata keçirdi və böyük Zəfəri qazana bildi. Bu Zəfər tək torpaqlarımızın alınması üçün deyildi, həm də torpağı namus, şərəf bilən xalqımızın namusunun, iffətinin, şərəfinin qurtuluşu, xilası idi.

Mehman dünyaya mehman olsa da, getmədi, əbədiyyən qaldı

Şəhidlik elə bir zirvədir ki, ondan üstün, ondan uca olanı yoxdur. Sinif yoldaşım şəhid olanda onun dünyaya mehman olduğunu deyib ağlayanlar oldu. Lakin o, bu dünyanın mehmanı olmadı. Ən yüksək zirvədə dayanan vətəndaşı oldu. Yaddaşlarda ən çox qalan, ən çox anılan, haqqında ən çox danışılan övladı oldu bu xalqın.

Elə ötən günlərdə Şahbuz rayon Mədəniyyət evində təşkil olunan anın günündə də çıxış edənlərin-Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızının, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayevin, Naxçıvan Dövlət Universitetinin Texniki Kollecinin direktoru Asəf Ruşanovun, sinif yoldaşımız, Şahbuz şəhər 1 saylı orta məktəbin müəllimi Sevinc Qəhrəmanlının və şəhidin yaxılarının hər birinin nitqində bu nüanslar yer alıb, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızn azad olunması üçün başladığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi minnətdarlıq hissi ilə vurğulanıb.

Bu Zəfər, bu qürur tədbirin bədii hissəsində Naxçıvan Texniki Kollecinin tələbələrinin nümayiş etdirdiyi vətənpərvərlik ruhunda kompozisiyalarda tam mənası ilə öz əksini tapıb.

Naxçıvanda yaşayan sinif yoldaşlarımızın, ibtidai sinif və bizə dərs deyən digər müəllimlərin də iştirak etdiyi tədbir Mehmanla bağlı xoş xatirələrin xatırlanması ilə unudulmaz bir gün kimi yadda qalıb.

Mehman daim bizimlədir!

Bütün şəhidlər kimi, Mehman da nəinki biz sinif yoldaşları, bütün xalq üçün əziz, unudulmazdır. Çünki şəhiddir. Hər kəsdən fərqli taleyi olanlardandır.

Dövlətimiz, xalqımız üçün şəhid amili tam fərqli amildir. Şəhid ailələri, övladları daim dövlətimizin nəzarəti altındadır. Onların sosial problemləri vaxtında həll olunur, ailə və övladlarının rahat yaşayışı təmin edilir. Elə Mehman Orucovun ailəsi də bu qayğı ilə əhatə olunub. 2021-ci ildə Mehmanın ailəsinə Şahbuz şəhərində tikilmiş müasirtipli binadan mənzil verilib. O mənzildə Mehmanın qardaşı yaşayır. Mehmanın igidliyindən, Vətənə bağlılığından pay alan övladlar böyüyür.

Artıq ölkəmizdə müharibə başa çatıb, ərazi bütövlüyümüz bərpa olunub. Bu övladlar da əldə olunan uğurları davam etdirmək, sərhədlərimizi qorumaq, təhlükəsizliyinə təminat olmaq ruhunda böyüdülməlidir. Çünki torpaq qorunarsa, bizim ola bilər.

Qoy Mehman kimilərin başladığı yol bütün yeniyetmə-gənclərimizə nümunə olsun. Qoy övladlarımız Vətəni qorumağı onlardan öyrənsinlər. Öyrənsinlər ki, bir qərinə yaşadığımız ələm-kədər, gözlərimiz önündə qaçqın-köçkün həyatı yaşayan soydaşlarımızın ata-baba ocağına həsrət yanğısı, “torpaq-torpaq”,- deyib yurdundan kənarda əbədiyyətə qovuşan ağbirçək-ağsaqqallarımızın acı taleyi bir də təkrar olmasın.

Mehmanlar bu mübariz yola ilk çıxanlardır. Bu yolda onlara qoşulanlarla birlikdə onlar daim bizimlədir. Allah şəhidlərimizə rəhmət etsin. Onlar bizim and və qürur yerimizdir.

Mətanət Məmmədova

Digər xəbərlər