Azərbaycanda siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edən fundamental islahatlar həyata keçirilir ki, bu da çoxşaxəli, ardıcıl və dinamik inkişafı təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsində də əhəmiyyətli rol oynayır. Ölkəmizdə yeni layihələr həyata keçirilir.
Son iyirmi ildə Azərbaycanda sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub. Bu dövr ərzində Azərbaycan istər siyasi, istərsə də iqtisadi sahədə uğurlar qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında Azərbaycan vətəndaşının maraqları dayanır. Ölkəmizdə son 20 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb. Ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. Statistik məlumatlara nəzər salsaq görərik ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb.
"BİZ BU MÜHARİBƏNİ ŞƏHİDLƏRİMİZİN CANI-QANI BAHASINA, HƏRBÇİLƏRİMİZİN RƏŞADƏTİ HESABINA, DÖVLƏTİMİZİN SİYASƏTİ HESABINA QAZANMIŞIQ"
Vətən torpağının azadlığı uğrunda can fəda edən mərd və cəsarətli oğulları ilə qürür duyur Azərbaycan. Müharibə başlayan ilk günlərdən Azərbaycan xalqının igid övladları düşməndən qisas almaq və 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımızın azad olunması məqsədi ilə silaha sarıldılar. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək şücaət, qəhrəmanlıq göstərdilər və Vətən torpaqları uğrunda vuruşdular. Cənab Prezident çıxışlarının birində vurğuladığı kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq". Bu gün vətən torpaqlarının azad olunmasında sağlamlığını itirənlər və şəhid olanların ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan dövləti və xalqı üçün əlbəttə ki, hər bir hərbçi əzizdir və dəyərlidir. Dövlət başçısı çıxışlarının birində onların həyatında yeni dövrün başlandığını bildirmişdir: "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək".
Əlbəttə ki, vəd və əməl hər zaman özünü təsdiqləyib. Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpa məqsədi ilə 4-cü nəsil müasir protezlərlə təmin edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib.
İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN ƏVVƏL VƏ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN SONRA ŞƏHİD AİLƏLƏRİ DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
Şəhid ailələrinə və əlillərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və dövlət başçısı qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla sosial müdafiə və aktiv məşğulluq proqramlarının xeyli genişlənməsi, müasir və etibarlı, dayanıqlı sosial müdafiə sisteminin qurulması, sosial ödənişlərdə davamlı artımlar təmin edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə, sosial sahəyə xüsusi diqqət və qayğı ilə davam etdirilən uğurlu sosial inkişaf strategiyası ölkəmizdə qarşıdakı dövrdə də yeni-yeni sosial uğurların əldə olunmasına təminat yaradır. Şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur".
471 ŞƏXS 492 ƏDƏD YÜKSƏK TEXNOLOGİYALI MÜASİR PROTEZLƏ TƏMİN OLUNUB
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Sosial dəstək tədbirləri çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23 minə yaxın şəxsə birdəfəlik ödəmə təyin olunub.
Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb.
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 63 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2 147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Bütün bunlarla yanaşı, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,8 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 344 min xidmət göstərilib.
Göründüyü kimi, Azərbaycan Zəfər qazandıqdan sonra dövlətimizin şəhid ailələrinə, qazilərə hərtərəfli dəstəyi, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Nəzakət ƏLƏDDİNQIZI