PDF Oxu

Siyasət

  • 2 473

Vədləri imzası qədər dəyərli olan Azərbaycan

Vədləri imzası qədər dəyərli olan Azərbaycan

Prezident İlham Əliyev: "Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib"

Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un cari ildə Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.

"BAKI ENERJİ HƏFTƏSİ ENERJİ SİYASƏTİNİN BÜTÜN SEQMENTLƏRİNİ ƏHATƏ EDİR – NEFT, QAZ, EMAL, İXRAC VƏ ƏLBƏTTƏ Kİ, YAŞIL ENERJİ"

Genişmiqyaslı hadisə - COP29-a hazırlıq işlərinin aparıldığı bir zamanda enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfənin təzahürüdür. Belə ki, iyunun 4-də regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi öz işinə başladı. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumu. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri. Xatırladaq ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi bundan sonra ənənəvi hal alıb. Ulu Öndərin təşəbbüsü ilə keçirilən sərginin adı o zaman "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. Sonralar isə sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Əlavə olaraq hər il baş tutan sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Qeyd edək ki, sərgi və konfrans Azərbaycandan Bakıda fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alıb. "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlı sərgidən sonra Azərbaycanın enerji imkanları, xüsusilə neft sektorundakı potensialı dünyaya tanıdıldı. Bununla da Azərbaycanda neft strategiyasının əsası qoyulmuş oldu. "Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında bildirib. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: "Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji".

AZƏRBAYCAN NEFT TARİXİNDƏ YENİ DÖVRÜN ƏSASINI QOYAN "ƏSRİN MÜQAVİLƏSİ"DƏN 30 İL ÖTÜR

Xatırladaq ki, bu il Bakı Enerji Həftəsi əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. "Əsrin müqaviləsi" görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub. "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq, strateji əməkdaşlıq münasibətlərinin yaranmasına, həmçinin, inkişafına əlverişli imkan, müsbət zəmin yaratmışdır. Enerji faktoru həm siyasi, həm də, beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonrakı dövrdə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. İlk növbədə, ölkə müasir texnologiyalarla təchiz edilmiş, neft sənayesinin aktivləri yenilənmiş, bu sahənin inkişafına kömək edəcək qurum və təşkilatlar inkişaf etdirilmiş, neft-təbii qaz sənayesinin infrastrukturu modernləşdirilmişdir.

"ŞAHDƏNİZ” LAYİHƏSİ AZƏRBAYCANDA QAZA OLAN QITLIĞI ARADAN QALDIRDI"

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şahdəniz" və digər layihələrin həyata keçirilmə prosesi ölkə iqtisadiyyatının sürətli inkişafında, Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu sahədə böyük uğurlar əldə olunub. Dünyanın potensial qaz ixracatçısına çevrilən ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Ötən əsrin 90-cı illərinin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı əhəmiyyətli hadisəyə çevrildi. Azərbaycanın tərəfdaşları ilə birgə "Şahdəniz" yatağının kəşfiyyatına, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. "Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı" – deyən Prezident bildirib ki, bu il bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq: "Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib".

"TƏCHİZATIMIZIN COĞRAFİYASI BUNDAN SONRA DA GENİŞLƏNƏCƏK"

Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın oynadığı rol ölkəmizin Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səyləri baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr xüsusi olaraq vurğulanmalıdır. Müasir dünyada Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilib. "Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir", - deyə Prezident diqqətə çatdırıb: "Təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Biz Azərbaycan qazına ehtiyacı olan bir sıra ölkələrlə onların enerji təhlükəsizliyini təmin etmək üçün fəal danışıqlar aparırıq". Dövlətimizin başçısı qeyd edib ki, biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq".

"BİZ DAHA BİR SÜRƏTLİ İNKİŞAFI GÖRÜRÜK - YAŞIL ENERJİ VƏ BƏRPAOLUNAN ENERJİ RESURSLARININ İSTEHSALI"

"Bizim vədlərimiz imzamız qədər dəyərlidir", - deyən Prezident diqqətə çatdırıb ki, son 30 il ərzində imzalanan bütün müqavilələr tam həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb. "Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz buna görə də biz daha bir sürətli inkişafı görürük - yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı". - deyə Prezident vurğulayıb. Bildirdiyimiz kimi, Azərbaycanda artıq enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyənləşdirilib. Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əksini tapıb. Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. "COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik", - deyə Prezident bildirib. İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan Azərbaycan Prezidenti qeyd edib: "Xəzər dənizinə axan çaylar başqa ölkələrdə qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək".

"BİZ İNKİŞAFDA OLAN KİÇİK ADA DÖVLƏTLƏRİ İLƏ DƏ FƏAL İŞLƏYİRİK"

Cənab Prezident çıxışında onu da diqqətə çatdırıb ki, biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik: "Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq". Dövlət başçımız onu da bildirib ki, çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir: "Biz bu işə məsuliyyətlə yanaşırıq".

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Azərbaycan davamlı surətlə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər