Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. Ermənistanın Azərbaycana təcavüzü zamanı qədim torpaqlarımızda 1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən dağıdılıb, 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, 500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri Ermənistanın silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, talan-qarət edilib. XVII əsrə aid olan Cəbrayıl bölgəsindəki Cümə məscidi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri və Şuşa şəhərindəki Saatlı məscid (bu məscidlər XVIII əsrə aiddir) vandalizm, dağıdılma və uçurulma aktlarına məruz qalmış, Ağdam məscidi isə təhqir olunaraq donuzlar və inəklər üçün tövləyə çevrilmişdir. Tarixi dövrdə baş verənlərə nəzər saldıqca görürük ki, ermənilərin həyata keçirdikləri əməllər iyrənc siyasətidən qaynaqlanır.
XALQIMIZ AĞIR MƏHRUMİYYƏTLƏRƏ, MİLLİ FACİƏ VƏ MƏŞƏQQƏTLƏRƏ MƏRUZ QALMIŞDIR
Bütün qeyd olunan bu və digər abidələrimizlə yanaşı, Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələrini də qeyd etməliyik. Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdlarını tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".
TARİX VAR, SƏNƏDLƏR VAR, XƏRİTƏLƏR VAR…
Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəllidir ki, İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salınıblar. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var", – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirib.
Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlir. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılır. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olurlar. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanır. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovulur, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınırlar.
ZƏNGƏZUR MAHALINDA 149 TÜRK KƏNDİ, 91 KÜRD KƏNDİ VƏ 81 ERMƏNİ KƏNDİ VAR İDİ
Azərbaycanın tarixi mahalı olan Zəngəzur da erməni işğalçılıq siyasətinin qurbanına çevrilir. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunmuşdu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.
Tarixi proseslərin davamı olaraq iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
ZƏNGƏZURUN BÜTÜN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN ADLARI AZƏRBAYCAN ADLARI OLUB
Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilir ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verilməsi böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrdəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu bildirib. Təbii ki, mənbələrdə göstərildiyi kimi, Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları olub. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində indi Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etməyi haqqıdır.
Bu gün əzəli torpağımız olan İrəvanda tarixi mədəniyyət abidələrimiz dağıdılıb, məhv edilibdi. Belə ki, indi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Oradakı Dəmir Bulaq məscidi yerlə yeksan edilib, Göy məscidin isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olunub. Rəcəb Paşa məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi tamamən dağıdılmışdır.
Sərdar məscidi (1510–1918-ci illər) Sovet Ermənistanı dövründə hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. İrəvanın mərkəzindəki Sərdar məscidi də sistematik olaraq dağıdılıb və 2014-cü ildə yerə yeksan edilib.
Bu və ya digər tarixi abidələrimiz sırasında ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Tarixi mənbələrdə göstərilir ki, İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur.
İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qala dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi.
İRƏVAN QUBERNİYASININ ƏRAZİSİNDƏ 382 ŞİƏ MƏSCİDİ, 9 SÜNNİ MƏSCİDİ FƏALİYYƏT GÖSTƏRİB
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə şəhərin baş planı təsdiq edilmişdir. Baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-cı ildə İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdir.
İrəvan qalasının həmyaşıdları – Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. Mənbələrdə qeyd olunur ki, hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işğalından sonra ələ keçirildiyi iddia edilən "İrəvan qalasının açarı" da nümayiş olunur.
Əlbəttə ki, göründüyü kimi, İrəvan şəhərində tarixi-memarlıq abidələrinə, dini ocaqlarımıza olan təcavüz xalqımızın tarixi keçmişini yer üzündən silmək məqsədi daşıyıb.
Nəzakət ƏLƏDDİNQIZI