Azərbaycanın son illərdə nail olduğu inkişaf göstəriciləri, regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin dünya ölkələri ilə müxtəlif sahələrdə müstəqil siyasət yürütməsi beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Ölkələr arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi mütərəqqi prinsiplərə söykənir. Qarşılıqlı ikitərəfli dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr siyasi, iqtisadi və mədəni maraqlara cavab verir. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində öz sözünü deyir. Əlbəttə ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun dünya ölkələri ilə əlaqələrinə müsbət təsir göstərib.
Beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilən Azərbaycan çağdaş dünyamızı narahat edən problemlərlə bağlı beynəlxalq səviyyəli tədbirləri yüksək peşəkarlıqla təşkil edərək dünya arenasında gücünü, imkanlarını bir daha sərgiləyir. Regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi dünya ölkələri ilə sıx əməkdaşlığı, dialoqu gücləndirir, eyni zamanda, daha dayanıqlı enerji gələcəyini təmin etməyə kömək edir. Enerji təhlükəsizliyinə nail olmaq hər bir ölkənin qarşısında duran əsas məqsəddir. Bunun üçün dayanıqlı regional əməkdaşlıq zəruridir. Bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas") sərgisinin təsis edilməsinin 30 illiyidir. Vurğulamaq yerinə düşər ki, beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin zamandan "Caspian Oil&Gas" sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.
Neft strategiyasının qazandırdığı nailiyyətlərə nəzər salarkən görürük ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şahdəniz" və digər layihələrin həyata keçirilmə prosesi ölkə iqtisadiyyatının sürətli inkişafında, eləcə də enerji ölkəsi kimi uzunmüddətli inkişafında və enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində mühüm əhəmiyyət daşıyır. Müasir dünyamızda beynəlxalq aləmdə potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir. Belə ki, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirdiyi kimi, "Şahdəniz" layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı". Prezident onu da qeyd edib ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Belə ki, həmin gün BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının - Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlqoyma mərasimləri keçirilib. Günəş və külək stansiyalarının təməlinin qoyulması təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ təşkil edəcəkdir. "Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir", - deyə Prezident bildirib.
Üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt (1 QVt) olacaq. "Masdar" şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. Əsas məqsəd ölkənin yaşıl inkişafını, artımını gücləndirmək və Dayanıqlı İnkişaf Məqsədlərini qlobal şəkildə təşviq etməkdədir. Onu da bildirək ki, 2006-cı ildə yaradılan "Masdar" bu gün 40-dan çox ölkədə fəaliyyət göstərir və onlara təmiz enerji məqsədlərinə nail olmaqda və davamlı inkişaf etməkdə kömək edir. Şirkət Azərbaycanda ümumi gücü 10 qiqavatadək olan bərpaolunan enerji mənbələri layihələri üzrə müqavilələr imzalayıb.
Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edən ölkədir.
Builki Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi ölkəmizə ehtiramın daha bir göstəricisidir. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. "COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik", - deyə Prezident bildirib.
“Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür”, - deyən Prezident bildirib ki, ildən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir: "Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil".
Qlobal enerji böhranı dövründə Azərbaycanın ev sahibliyi etdiyi Bakı Enerji Həftəsi 30-dan çox ölkədən 300-dək şirkəti bir araya gətirmiş oldu. Göründüyü kimi, Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır və davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib.
İlkin ABBASOV,
YAP Qax rayon təşkilatının sədr müavini