Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindəndir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir.
Azərbaycan türk dövlətləri ilə fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan, Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. İki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyiblər. Hər iki dövlətin prezidentlərinin rəsmi səfərləri və səfər çərivəsində müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması əlaqələrin müsbət dinamika ilə inkişafına təkandır. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" və s. daxil olmaqla, müxtəlif sahələri əhadə edən sənədlər imzalanıb. İmzalanan sənədlərdən sırasında olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin təməlini möhkəmlənməsində müstəsnadır. Vurğulamaq yerinə düşər ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.
STRATEJİ TƏRƏFDAŞLIQ - MÜNASİBƏTLƏRİN KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏSİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul etməsi əlaqələrin dinamik inkişafının daha bir göstəricisidir.
Dövlətimizin başçısı ötən ilin oktyabrında Qırğızıstana səfərini məmnunluqla xatırlayıb. Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında İnvestisiya Fondunun yaradıldığı və onun büdcəsinin hazırda daha da artırıldığı qeyd edilib. Görüşdə Qırğızıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılmış müzakirələrin və imzalanmış sənədlərin əhəmiyyəti diqqətə çəkilib.
Vurğulamaq yerinə düşər ki, qeyd edilən səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələlər müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv məsələləri – müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb. "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı"nı və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi"ni imzalayıblar. Dostluğumuzun və qardaşlığımızın ifadəsi olan məlum səfər çərçivəsində bir sıra çox mühüm sənədlər, eləcə də yüksək strateji tərəfdaşlıq sənədi imzalanmışdı. İmzalanmış yüksək strateji tərəfdaşlıq sənədi ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında mühüm rol oynayır.
ÖLKƏLƏRİMİZİN VƏ XALQLARIMIZIN SARSILMAZ BİRLİYİ
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidentinin Nurlanbek Şakiyevi qəbulu zamanı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Qırğızıstan tərəfindən məktəbin inşasının həyata keçirilməsi ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsi kimi qiymətləndirilib. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirir. Bildiyimiz kimi, türk dövlətləri də Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, eləcə də bu ilin martında isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də qeyd etdiyimiz kimi, Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəbin təməlinin qoyulması ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir.
Nurlanbek Şakiyev Azərbaycanın işğaldan azad olunmuş rayonlarına, xüsusən də Şuşa şəhərinə səfər etdiyini və həmin ərazilərin dünyanın ən gözəl guşələrindən biri olduğunu bildirib. O, Azərbaycan xalqının səbirlə otuz ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad edildiyi günü gözləməsinin və buna nail olmasının önəmini vurğulayıb. Söhbət zamanı Türk Dövlətləri Təşkilatının inkişafı, beynəlxalq təşkilatlarda və təsisatlarda Azərbaycan-Qırğızıstan əməkdaşlığının və ölkələrimizin parlamentləri arasında əlaqələrin vacibliyi vurğulanıb.
"BİZ ƏNƏNƏVİ TƏRƏFDAŞLARIMIZLA, QARDAŞ ÖLKƏLƏRLƏ MÜNASİBƏTLƏRİ İNKİŞAF ETDİRİRİK"
Qeyd edək ki, Azərbaycan və Qırğızıstan daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsində siyasi iradə nümayiş etdirir. İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir. Türk dünyasının böyük yazıçısı, türk dünyasının böyük sənətkarlarından biri, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı birliyin, dostluğun və qardaşlığın rəmzidir. Bu həm də Çingiz Aytmatova olan ehtiramın ifadəsidir. Azərbaycan ilə Qırğızıstan arasında möhkəm dostluq münasibətləri sarsılmazdır. Bütün bunlar və digər amillər tarixi köklərə bağlı olan xalqlarımızın dostluğu və qardaşlığın təzahürüdür.
Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eləcə də mövcud potensial və həyata keçiriləcək layihələr dövlətlərarası bağları daha da möhkəmləndirəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidentinin Azərbaycana səfəri zamanı mətbuata bəyanatında bildirmişdir ki, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.
Nəzakət ƏLƏDDİNQIZI