PDF Oxu

Siyasət

  • 1 539

Böyük Qayıdış konsepsiyası: yurd yerlərimizdə qaynayan həyat TƏHLİL

Böyük Qayıdış konsepsiyası: yurd yerlərimizdə qaynayan həyat TƏHLİL

Prezident İlham Əliyev: "Biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik"

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, Ermənistan - Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində öz sözünü demiş oldu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoydu və dövlət başçısının dünyanın aparıcı KİV-lərinə verdiyi 30-a yaxın müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu. Sülhsevər siyasət yürüdən Azərbaycan münaqişənin sülh, danışıqlar yolu ilə uzun müddət həllinə nail olmağa çalışsa da mümkün olmadı. Məlumdur ki, Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına hərbi təxribatlarla cavab verdi. Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Bu gün də qalib xalq olaraq ölkəmizə maraq sonsuzdur. Müharibədən sonrakı durum, Azərbaycanın mövqeyi diqqətdə saxlanılır. Bu Azərbaycanın dünya miqyasında olan yüksək imicindən qaynaqlanır. Əlbəttə ki, dövlət başçısı bütün çıxışlarında, müsahibələrində ölkəmizin haqq mövqeyini sərgiləyir və sülhsevər siyasəti dünya ictimaiyyətinə mesaj olaraq çatdırılır. Tarixi ədalət bərpa edilib.

Bu gün artıq müharibənin başa çatmasından üç ildən artıq zaman ötüb. Azərbaycan öz sülhsevər siyasətini davam etdirir. Müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir.

Ermənistan müasir çağırışlara cavab verməli və XXI əsrdə normal davranışa riayət etməlidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın mövqeyi açıq-aşkardır: "Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik".

DAYANIQLI MƏSKUNLAŞMA ÜÇÜN MÜASİR VƏ LAYİQLİ HƏYATIN TƏMİNİ

44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini gördü. Mülki, dinc insanların hədəfə alınması, yaşayış yerlərinin dağıdılması erməni vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğalda qalaraq dağıdılan, talan edilən ərazilərimizdə bu gün Cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində həyat yenidən dirçəlir.

Həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi üçün irimiqyaslı layihələr reallaşdırılır. Erməni barbarlığı nəticəsində məhv edilmiş tarixi mədəni abidələrimiz bərpa olunur: "30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib",-deyən Prezident bildirib ki, Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər: "Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib və bunlar - bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar".

Bəli, müharibədən Zəfər ilə çıxan Azərbaycan əzəli torpaqlarımıza ayaq basanda belə bir mənzərə mövcud idi. Bu gün Azərbaycan o əraziləri abadlaşdırır və əbədi məskunlaşmanı təmin edir.Bu gün o yerlərdən əzəli sakinlərin səsi gəlir. 32 il həsrətlə, intizarla, göz yaşları içərisində gözlədiyimiz Xocalıya dönmüşük.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

REGİONAL MƏRKƏZDƏ DAVAMLI İNKİŞAF

Artıq Xocalı yenidən qurulur. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər.

Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqe də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.

ƏZƏLİ SAKİNLƏR ŞUŞANIN QOYNUNDA

Şuşa da yeni dövrünü yaşayır. İşğaldan azad olunan ərazilərimiz Füzuli, Laçın kimi Şuşamız da ilk sakinlərini qoynuna alır. Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Otuz iki ildən sonra yenidən Şuşaya qədəm qoyan ailələr bu sevinci yaşayırlar: yurd yerinə qayıdış sevincini. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün güllələnmiş büstləri Şuşaya qaytarıldı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Şuşanın Baş planı hazırlanarkən orada həyata keçirilən bütün layihələrin tarixlə müasirliyin vəhdəti üzərində qurulması nəzərə alınıb. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir. Bütün bu işlərə başlamaq üçün, cənab Prezidentin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi. İlk işlər infrastrukturun bərpası üzrə aparılıb. Burada hər şey ermənilər tərəfindən dağıdılmışdı. Şuşa şəhəri mədəniyyət paytaxtıdır. Hazırda orada rəsmi olaraq 196 abidə var. Onların bir çoxunun bərpasına başlanılıb.

Burada bulaqlar bərpa olunur. Hər məhəllədə, - burada 16 məhəllə olub, - məscid, bulaq və hamam olub. Hamamlardan yalnız biri qalıb, bulaqların hamısı demək olar ki, yararsız vəziyyətə salınıb. Beşmərtəbələr köhnə və əsasən dağılmış vəziyyətdədir. Yeni Baş plana uyğun olaraq, tarixi ərazidə müasir kiçik evlər olacaq. Şəhər məktəbi artıq tikilib və sentyabrda öz şagirdlərini qəbul etməyə hazırdır, 300-ə yaxın şagird burada təhsil alacaq. Şəhər xəstəxanası isə 90 çarpayılıqdır. Payıza qədər onun tikintisi başa çatacaq.

Bütun bu və ya digər amillər bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə böyük qayıdış konsepsiyası uğurla və sürətli bir şəkildə həyata keçirilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər