PDF Oxu

Siyasət

  • 2 493

Milli Qurtuluşdan zəfərə gedən yol TƏHLİL

Milli Qurtuluşdan zəfərə gedən yol TƏHLİL

Bugünkü müasir, güclü və qüdrətli Azərbaycan dövləti çətin, keşməkeşli dövr keçib. Tarixə nəzər salsaq, bunu mövcud faktlar, dəlillərlə sübut etmək olar. Biricisi, ötən əsrin 90-cı illərin əvvələrində Azərbaycanda bütün sahələr də hərc-mərclik, özbaşınalıq, xaos, dövlət idarəçiliyində hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr hökm sürürdü. Ölkədaxili xaos və anarxiyadan istifadə edən Ermənistan ardıcıl olaraq torpaqlarmızı işğal edir.. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü isə ağı , üzücü problemləri həll etmək gücünə malik deyildilər. Xalqla təmas qurub problemləri həll etməkdənsə AXC-Müsavat iqtidarı küçələrə çıxıb aparılan səhv siyasətə, Ermənistanın terrorçu fəaliyyətinə etiraz edənləri qəddarlıqla susdurmağa, həbs edib türmələrdə əzməyə çalışırdılar. Bu isə hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirirdi. Vəziyyət bir qədər də belə ağır formada davam edəcəyi təqdirdə vətəndaş qarşıdurması qaçılmaz idi. Belə çətin, ağır dönəmdə ölkənin işıqlı ziyalıları bir araya gəlib, Azərbaycanın üzləşdiyi problemləri müzakirə etdilər. Hər kəs ölkənin xilasını Ümummilli Liderimiz Heydər Əliyevdə görürdü. Bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da Azərbaycanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsi yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Dahİ Öndər Heydər Əliyevə müraciət ünvanladılar. Daim xalqının yanında olan Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, Onun Sədri olmağa razılıq verdi. Beləliklə, 550 nəfərin iştirakı ilə keçirilən təşəbbüs qrupunun toplantısında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Ulu Öndərimiz Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrünün əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Milli Qurtuluşdan başlayan tarixi yol

1993-cü ilin iyunun 9-da xalqın tələbi ilə Dahi Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. İyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq Ulu Öndər xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.Qısa müddətdə ölkədə sabitlik təmin olundu, yeni iş yerləri yaradıldı, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, insan hüquq və azadlıqlarının təmin olunması məqsədilə Fərman və Sərəncamlar verildi, qanunlar qəbul olundu. Ulu Öndərimiz Heydər Əliyev bildirirdi ki, Onun həyatı xalqa məxsusdur: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.Bu baxımdan haqlı olaraq 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.Ulu Öndər qısa müddət də Azərbaycanı dünyanın inkişaf edən, nufuzlu dövlətləri sırasına çıxartdı. Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı. Ümummilli lider 1994-cü il sentyabrın 20-də əsasını qoyduğu “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Heydər Əliyev siyasi uzaqgörənliyinin nəticəsidir ki, indi Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Mütəxəssislər haqlı olaraq bu layihəni Azərbaycanın taleyində dövlət müstəqilliyi qədər əhəmiyyətli tarixi hadisə hesab edirlər. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Ölkəmizin iqisadi inkişafında və əhalinin sosial rifah halının yaxşılaşmasında mühüm rol aynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Dahi Öndərimiz Heydər Əliyev insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm veridi. Bu məqsədlə də Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və 1995-ci ilin noyabrın 12-də qəbul edilən Konstitusiyanın əsas hissəsinin insanların hüquqlarının müdadafiəsinə, təhlükəsizliyinə, sosial, iqtisadi cəhətdən təmin edilməsinənə həsr olunub. Bununla da ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.

1995-ci ildən başlayaraq ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır. Bunun da 60 faizdən çoxu xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumilikdə isə, 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödəmişlər. Neftin ixracında Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və həyata keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xüsusi rol oynamışdır. Bu baxımdan şirkət rəhbərləri 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Uğurlu neft strategiyası sonrakı illərdə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsinin həyata keçirilməsi ilə davam etdirldi.

Milli Qurtuluşdan Qarabağ zəfərinə gedən yol

Bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü il prezident seçkilərində xalq Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsinə səs verdi. Dahi Öndərimizi ən layiqli siyasi varisi Cənab İlham Əliyev xalqın 76,84 faiz səsini qazanaraq ölkə Prezidenti seçildi. Prezident İlham Əliyev andiçmə mərasimində demişdir: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”. Hazırda Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, beynəlxalq aləmdə nüfuzu daha da artıb, dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib. Prezident İlham Əliyevin xalq, dövlət üçün görüdüyü möhtəşəm işlər sırasında torpaqlarımızın işğaldan azad edilməsi ön sırada dayanır. Böyuk Sərkərdəlik məharəti və uzaqgörən diplomatik fəaliyyəti ilə Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın azadlığına nail oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu. Həmin ilin sentyabrın 19-da başlayan və 23 sat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Azərbaycan ordusu Qarabağdakı bütün separatçıları məhv etdi, əsas terrorçular isə həbs olunaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verildilər. Hazırda həmin terrorçuların istintaqı gedir və yaxın vaxtlar da məhkəmənin qərarı ilə onlar layiq olduqları cəzaların alacaqlar. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bugünkü möhtəşəm uğurlar, qələbələr 15 iun Milli Qurtuş Gününün nəticəsidir. Bu baxımdan demək olar ki, Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə başlayan zəfər yolu Azərbaycan dövlətinə və xalqına işğaldan azad edilən Qarabağımızı bizə qaytardı. Bu zəfər yolu bizə böyük qürur, uğur və nailiyyətlər gətirdi. Əminəm ki, bu yol heç zaman dəyişməyəcək. Nə qədər Azərbaycan dövləti və xalqı var daim millətimiz Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi zəfər yolu ilə gedəcək.

Eldar İbrahimov

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü

Digər xəbərlər