Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı. 1993-cü ildə ikinci dəfə respublika rəhbərliyinə qayıdan Heydər Əliyevin göstərişi ilə həyata keçirilən təxirəsalınmaz islahatlar nəticəsində ölkədə siyasi sabitlik bərqərar oldu. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı və bununla da respublikamıza xarici ölkələrdən böyük sərmayə axını başladı. Beynəlxalq əhəmiyyətli müqaviləni imzalayan ölkələrdən biri Böyük Britaniya, 13 ən iri aparıcı şirkətlərdən ən başlıcası isə bp şirkəti oldu. 1998-ci il 19 - 24 iyul tarixində ulu öndər Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində ARDNŞ və bp, RAMCO və Monument Oil şirkətləri ilə üç mühüm sazişin, Azərbaycan Respublikası Prezidenti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri arasında iki ölkənin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalanması ölkələrarası münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi getdikcə güclənir. Ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təməli isə Avropa Birliyi və onun üzv dövlətləri ilə 1999-cu il iyulun 1-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Ötən müddətdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan son illər Azərbaycanın şaxələndirilmiş boru kəmərləri sisteminə malik olması enerji əməkdaşlığının daha da möhkəmləndirilməsinə səbəb olub. 30 il bundan əvvəl əsası qoyulan Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlayıb və ötən müddətdə bu sahədə əldə olunan müsbət nəticələr beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Məsələn, respublikamızdan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin istifadəyə verilməsi Azərbaycanda mühüm hadisə kimi tarixə çevrilib. Bunun nəticəsində Azərbaycan ixrac fəaliyyətinə başlayıb və bununla da bir sıra ölkələrin tələbatı ödənilib. Eyni zamanda, respublikamızda tərəfdaşları ilə birgə qaz mənbələrinin, xüsusən də, dünyada ən iri qaz yataqlarından sayılan “Şahdəniz”in kəşfiyyatına başlanılıb. Məlum olduğu kimi, ötən il Azərbaycandan Avropa bazarlarına 11,8 milyard kubmetr qaz ixrac olunub. Bütövlükdə isə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən ötən müddətdə ölkəmiz “köhnə qitə”dəki tərəfdaşlarına təqribən 31,5 milyard kubmetr təbii qaz göndərib. Avropa məkanına ixrac etdiyimiz qazın həcmi çox olmasa da, bu, ölkəmizin ümumi ixracının yarısıdır. Bununla belə, Prezidentimizin qeyd etdiyi ki, Azərbaycan qazının ixrac coğrafiyası, həqiqətən də, ölkəmizin Panavropa təchizatçısı olduğunu təsdiq edir. Azərbaycanın Avropanın əsas qaz tədarükçüsü kimi əhəmiyyətinin getdikcə artacağını görürük. Bunun üçün isə ölkəmizin kifayət qədər qaz ehtiyatları var. Bu baxımdan dünyanın ən böyük qaz-kondensat yatağı olan “Şahdəniz”in rolu xüsusi qeyd olunur. Eyni zamanda, 2023-cü ildə istismara daxil edilmiş “Abşeron” yatağının birinci işlənmə mərhələsi çərçivəsində bu il 1,5 milyard kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. Cari ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri 2007-ci ildə istismara verildi. Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional ba-zarlarına nəql edilməyə başladı. Bundan bir il əvvəl – 2006-cı ildə isə Xəzəri Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi reallaşdı. Bütün bunlar neft-qazın beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə kimi mühüm əhəmiyyətə malik idi. Azərbaycanın qlobal enerji təhlükəsizliyində bütövlükdə qlobal siyasətdə çəkisini ciddi formada artırır. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan dövlətlər belə əks arqument tapmadı və COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin yürütdüyü mötəşəm siyasət dünya ölkələrini eləcədə Avropanı Azərbaycanla əməkdaşlıq etməkdə Etibarlı tərəfdaş etməkdədir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi