Qalib Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Çünki bizlər düz 30 il ərzində doğma torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik.
44 günlük Zəfər döyüşlərində əldə olunan şanlı qələbədən sonra Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması prioritet məsələyə çevrilib. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi isə bu gün tam sürətlə davam edir. Artlq neçə müddətdir ki, soydaşlarımızln doğma yurd, yuvalarına qaytarılması prosesi başlayıb. Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Xüsusilə vurğulamalıyıq ki, bu il azad olunan ərazilərə ilk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır.
Bir məqama diqqət yetirək. Dövlətimizin başçısı hər zaman öz çıxışlarında işğal altında saxlanıldığı dövrdə şəhər və qəsəbələrimizdə, kəndlərimizdə tarixi-mədəni irsimizin silinməsi, abidələrimizin erməniləşdirilməsi, məscidlərimizin dağıdılması, yeni xəritələrin tərtib edilməsi barədə ətraflı məlumat verib. Həmçinin işğaldan azad edilən yurd yerlərimizdə erməni vəhşiliyinin heç zaman unudulmayacağını, yaddaşlardan silinməyəcəyini, eyni zamanda, insanların tezliklə doğma torpaqlarına qayıdışı üçün bütün imkanların səfərbər ediləcəyini vurğulayıb. Azərbaycan Prezidentinin çıxışlarında qeyd edilib ki, işğaldan azad edilmış şəhər və kəndlərimizin bütün infrastrukturları bərpa edildikdən sonra əhalinin öz doğma yurdlarına dönüşü başlanacaqdır. Doğma yurd həsrətinə birdəfəlik son qoyulacaq!
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində doğma yurd yerlərinə qayıdış prosesinin bu il də uğurla davam etdiriləcəyini açıqlamışdı. Sitat: “Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq.”
Bəli, bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenicə daxil olduğumuz 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək. İlk köç yenidən qurulan Füzuli şəhərinə olacaq. Məcburi köçkünlər 30 ildir bu arzu və istəklə yaşayıblar. Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkünlərin tək arzusu deyil, həm də gündəlik yaşadıqları xəyal idi.
Artıq bu gün o arzu və xəyallar reallığa çevrilir. Bölgədə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. Beynəlxalq hava limanlarının tikintisi ilə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı təmin ediləcək. Yenidənqurma işləri arasında Ağdam-Xankəndi yolunun bərpası da vacib məsələlərdəndir. 26 km uzunluğunda olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, Xankəndiyə ən qısa məsafə hesab olunur. Bundan başqa, Ağdam-Xankəndi yolu Qarabağda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Sözügedən yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə verəcək.
Qarabağın "yaşıl enerji" zonası elan edilməsi müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində mühüm işlərdəndir. Yaşayış massivlərinin məhz "ağıllı kənd" konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modernliyinin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının uğurlu icrasına nail olmaq məqsədilə azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir.
Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələri davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Artıq su anbarlarının, yolların, körpülərin, dəmir yollarının, məktəblərin, xəstəxanaların tikintisi sürətlə həyata keçirilir. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışı gözlənilir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ən müasir tələblər səviyyəsində və milli arxitektura qaydalarına uyğun olaraq yeni yaşayış sahələri inşa olunur. Dəmir və quru yol infrastrukturu yenidən qurulur. Qısa zaman kəsiyində Fizuli və Zəngilan rayonlarında beynəlxalq aeroportlar istifadəyə verilib. Laçın şəhərində isə daha bir hava limanının tikintisi davam edir. Laçın şəhər mərkəzi də yenidən qurlub və artıq sakinlərini qəbul edib və burada həyat öz axarına düşür. Bəli, doğma Qarabağımızdakı dinc quruculuq prosesi yenicə qədəm qoyduğumuz 2024-cü ildə də davam edəcək. Bu il də yurd həsrəti ilə alışıb yanan yüzlərlə azərbaycanlı dədə-baba ocağına qayıdacaq, doğma torpaqlarımızda həyat yenidən canlanacaq. Çünki biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI