Dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olmaq əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişafdadır və ölkələrarası münasibətlər etibarlı tərəfdaşlığa söykənir. Bu gün Azərbaycan Avropa enerji təminatının şaxələndirilməsində mühüm əhəmiyyətə malik lider ölkə kimi yüksək imicə sahibdir. Beynəlxalq aləmdə reallaşdırdığı layihələrlə körpü rolunu oynayan ölkəmiz tranzit ölkə olaraq beynəlxalq aləmdə uğurlu əməkdaşlıqda körpü rolunu oynayır.
Enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfənin daha bir göstəricisidir. İyunun 4-də ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumu. "Caspian Oil&Gas" və "Caspian Power" sərgilərini özündə birləşdirirdi. İlk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi sonralar əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Vurğulayaq ki, "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlı sərgidən sonra Azərbaycanın enerji imkanları, xüsusilə neft sektorundakı potensialı dünyaya tanıdıldı. "Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinin açılış mərasimində çıxışında diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji.
Məlumdur ki, otuz il bundan əvvəl Azərbaycanda ictimai-siyasi vəziyyət başqa cür idi. "Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi", - deyə Prezident bildirib. 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edən Azərbaycana Ermənistanın təcavüzü və torpaqlarımızın iyirmi faizinin işğalı, insanların öz yurdlarından məcburi şəkildə köçkün düşməsi, iqtisadi böhran mövcud vəziyyəti daha da ağırlaşdırmışdı. Ölkə daxilində xaos vəziyyətin yaranması, dövlətimizin daxildən parçalanmaq təhlükəsi ilə üz-üzə qalması ictimai-siyasi vəziyyəti gərginləşdirmişdir. "Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu" – deyə Prezident diqqətə çatdırıb.
Dünya miqyasında tanınmış siyasətçi, həyatını xalqına xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə hadisələrin inkişaf axarını dəyişmiş oldu. Heydər Əliyevin apardığı məqsədyönlü, ardıcıl siyasət nəticəsində daxili siyasi sabitliyin bərqərar olması, Qarabağ münaqişəsinin həlli istiqamətində yeni və çevik siyasətə başlanması, atəşkəsin əldə edilməsi və s. irimiqyaslı iqtisadi islahatlara başlanılmasına imkanlar yaratdı. 1994-cü il sentyabrın 20 - də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə yeni tariximizə "Əsrin müqaviləsi" adı ilə daxil olan möhtəşəm kontraktlar imzalandı və bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin hərtərəfli inkişafının möhkəm təməli qoyuldu.
Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. "Əsrin müqaviləsi" görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən təməl oldu. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu. "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq, strateji əməkdaşlıq münasibətlərinin yaranmasına, həmçinin, inkişafına əlverişli imkan, müsbət zəmin yaratmışdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şahdəniz" və digər layihələrin həyata keçirilmə prosesi ölkə iqtisadiyyatının sürətli inkişafında, Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində mühüm rola malikdir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu sahədə böyük uğurlar əldə olunub. Müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir.
Bildiyimiz kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə bir çox sahələrdə uğurlu əməkdaşlığı var. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.
Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və ölkələrarası iqtisadi, siyasi, diplomatik əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.
Güləddin DADAŞOV,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini