"Tələbələr üçün Ümummilli Lider Heydər Əliyevi yaxından tanımaq, dərk etmək çox vacibdir". SİA xəbər verir ki, bu sözləri SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev 15 İyun Milli Qurtuluş Günü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib.Media Qrupunun rəhbərinin sözlərinə görə, tələbələr bilməlidirlər ki, biz nədən xilas olduq: "Biz çörək növbələrindən, xaosdan, anarxiyadan, dağılmaqda olan Azərbaycandan qurtulduq.Ölkə ziyalıları Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan xilas etmək üçün 1992-ci ilin oktyabr ayında “Səs” qəzeti vasitəsilə Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdilər. Ulu öndərin bu müraciətə cavabı da “Səs” qəzetində dərc olundu. Heydər Əliyevin 5 bənddən ibarət cavabı var idi. Bu 5 bəndlə həm Azərbaycanın düşdüyü vəziyyəti, sonra da çıxış yolunu göstərirdi.
1. Atəşkəsə nail olmaq lazımdır.
2. İqtisadi platformaların həyata keçirilməsi idi.
3. İnsan hüquqlarının qorunması idi.
4. Kadr məsələsi idi.
5. Milli dövlətin yaranması əsas məsələ idi.
Çox təəssüflər olsun ki, bu konsepsiyalara əməl edən yox idi. Ona görə də Heydər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyev hərənin öz dilində danışırdı. O, Azərbaycan vətəndaşına Vətəni sevməyi, milli kimliyimizi öyrətdi. Əsl müəllim idi. Müəllimlərə çox hörmət edirdi. Mən fəxr edirəm ki, Onunla eyni zamanda olub, onunla yaxından ünsiyyətdə olmuşam. O, memar idi, Azərbaycan kimi memarlıq əsəri yaratdı. Ən nəhayət, Heydər Əliyev ailə başçısı, sevgisinə sədaqətli həyat yoldaşı və qəhrəman ata idi. O, özündən də böyük Lider böyütdü. Ailəsində böyük sərkərdə yetişdirdi".Bəhruz Quliyev deyib ki, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Bildirib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".