PDF Oxu

Siyasət

  • 2 449

Otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi ŞƏRH

Otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi ŞƏRH

İyun ayının 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi keçirilib. Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də iştirak edib. Cənab prezident öz çıxışına ilk öncə tədbirdə iştirak edən qonaqları salamlayaraq başlayıb. İlham Əliyev qeyd edib ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. Cənab prezident öz çıxışında 30 il bundan əvvəli Azərbaycanı və onun durumunu xatırlayaraq bildirib ki, “Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu”. Həmin dövr Azərbaycan üçün çox acınacaqlı bir dövr idi. Bir yandan Ermənistan ilə aparılan müharibələr və bu müharibələr nəticəsində öz doğma elindən-obasından ayrı düşən qaçqınlar, digər yandan isə ölkənin öz daxilində 1993-cü ilin vətəndaş müharibəsi ölkəni birmənalı olaraq uçuruma sürükləyirdi. Ölkənin irəliyə getməsi üçün önəmli məsələ investisiyaların cəlb edilməsi olsa da Azərbaycan çox riskli ölkə hesab olunurdu. 1993-cü il Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabr ayında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. İlham Əliyev qeyd edib ki, “birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”. Cənab prezidentin sözləri ilə desək, bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Öz çıxışında Ali Baş Komandan işğaldan azad olunmuş ərzilər və orada mövcud potensiala da toxuaraq deyib: “Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir”. Nitqinin sonunda bir daha hər kəsə minnətdarlığını bildirən cənab prezident Bakı enerji həftəsinin mühüm nailiyyətlər vəd etdiyini bildirib: “Xanımlar və cənablar, bir daha Azərbaycana xoş gəlmisiniz. Bu gün həqiqətən tarixi bir gündür. Artıq qeyd etdiyim kimi, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək”. Həqiqətən də 1993-cü il və o dövrün Azərbaycanına və onun tarixinə nəzər salanda hər kəsə tam şəkildə aydın olur ki Azərbaycan bu gün necə də inkişaf edib. Ölkəmiz həm neft, həm də qeyri-neft sektorunda uğurlu inkişaf yoluna qədəm qoyub və bu yolda uğurla addımlayır.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər