Siyasət

  • 850

Yeni reallıqlar yaranıb

image

Azərbaycan, coğrafi məkan olaraq dünyanın güc mərkəzlərinin maraqlarının toqquşduğu müxtəlif sivilizasiyaların qarşılaşdığı unikal ərazilərdən biridir. Tarixən bu ərazidə söz sahibi olmaq uğrunda mübarizələr, müharibələr aparılıb. Çox əfsuslar olsun ki, regionda maraqlı olan məkirli qüvvələr müxtəlif adlar altında mövcud olan türk xalqlarını bir-birinə qarşı qoyaraq, öz qılıncımızı öz başımıza endirərək türk dövlətlərini zəif salmağa nail ola, bu yolla da regiona ayaq aça və regionun öz təsir dairələrinə, müxtəlif dövrlərdə müstəmləkələrinə çevirə bilmişdirlər. Ancaq əsrlər sonra regionda yeni reallıqlar yarandı və bu gün mövcud olan türk dövlətləri bir araya gəlməyi, dünyanın güc mərkəzlərinin hesablaşdığı yeni bir güc mərkəzinə çevrilməyi bacardı. Türk Dövlətləri Təşkilatı adı altında birləşmiş yeni güc mərkəzinin təşəkkül tapmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri olmuşdur. Bu iki qətiyyətli liderlərin apardıqları mücadilə sayəsində türk dövlətləri müxtəlif adlar altında bir təşkilatda birləşdirilə bildi. İlk öncə Türkdilli Dövlət Birliyi, daha sonra isə Türk Dövlətləri Təşkilatına çevrildi. Təşkilatın adında aparılan dəyişiklik münasibətlərin hansı səviyyədə yüksəldiyini bir daha təsdiq edir.

Türk Dövlətləri Təşkilatının mütamadi olaraq müxtəlif adlar altında tədbirləri keçirilir. Ölkə başçıları səviyyəsində Zirvə toplantılarının keçirilməsi artıq bir ənənə halını almışdır. Bununla yanaşı türk dövlətlərinin parlamentləri, müxtəlif dövlət qurumları arasında əlaqələr artan xətt üzrə inkişaf etdirilir. TÜRKPA-nın növbəti iclasının Azərbaycanda keçirilməsi yuxarıda deyilənlərin təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etmiş və bildirmişdir: “Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək. Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq”.
Azərbaycan üzərindən keçən Orta Dəhliz bu gün dünya dövlətlərinin ən çox maraq göstərdiyi nəqliyyat maşrutudur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan yalnız regionun deyil bütün dünyanın nəqliyyat qovşaqlarından birinə çevrilib. Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsindən asılı olmayaraq Zəngəzur Dəhlizində açılacaq. Bu zaman məsələsidir.

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər