Siyasət

  • 1 442

Türk Dövlətləri Təşkilatı böyük bir güc mərkəzinə çevrilir ŞƏRH

image

Türk dövlətlərinin parlamentlərarası əməkdaşlığının möhkəmləndirilməsi, parlament diplomatiyasının genişləndirilməsi, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasındakı siyasi dialoqların milli maraqlar naminə möhkəmləndirilməsinə xidmət edir. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) region ölkələri arasında qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığın inkişafına böyük töhfələr verir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsi üçün siyasəti uğurla, müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin xarici siyasətində TDT-yə üzv ölkələr arasında münasibətlərin gücləndirilməsi əsas prioritetdir.

İyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev əsas hədəfləri diqqətə çatdırdı:“Türk dünyası güclənsin. Türk dünyasının istəyi, niyyəti işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Türk birliyi heç kim üçün təhdid mənbəyi deyil heç vaxt olmayacaq!”

Ortaq tarixə, adət-ənənələrə malik türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsi, siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişafı üçün maraqlı təkliflərin müzakirə platforması olan TÜRKPA dünya birliyini narahat edən, həllini gözləyən qlobal məsələlərin müzakirəsində də nüfuz qazanmış təşkilat kimi fəaliyyət göstərir. Bu birliyin sarsılmazlığı üçün Azərbaycanın yürütdüyü siyasətin uğurlarını göstərən Prezident İlham Əliyevin «Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri bu TDT-nin məqsəd və məramının açıqlayır.

Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı bu birliyə inteqrasiya prosesinin sadəcə iştirakçısı deyil, həm də inanılmış aparıcı qüvvədir. İki qardaş ölkənin birgə səyi ilə güc mərkəzinə çevrilən bu birlik sayəsində TDT regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslərə türk xalqlarının ortaq maraqları baxımından münasibət bildirir, İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir, antitürk təxribatlara, dini radikalizmə qarşı mübarizə aparır.

İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyasının “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclasında bir çox beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunmuş, təkliflər irəli sürülmüşdür. TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri və iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edən Prezident İlham Əliyev müzakirələrin yaxşı nəticələr verəcəyini bildirməklə vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə gələn ay Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü birliyimizə əlavə töhfələr verəcək.

Türk həmrəyliyi üçün rəmzi məna daşıyan Şuşa görüşündə hazırda beynəlxalq qlobal problem olan nəqliyyat və iqlim məsələləri ilə bağlı beynəlxalq əhəmiyyətli müzakirələrin aparılacağını diqqətə çatdıran Prezident İlham Əliyev türk dünyasının birləşməsi ilə sıx bağlı olan Orta Dəhliz layihəsinin səmərəsinə də aydınlıq gətirdi. “İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.”

TDT-nin Şuşa Zirvə görüşündə bu cür aktual məsələlərə xüsusi diqqət yetiriləcək. Şuşa görüşünün türk birliyinin sarsılmazlığının nümayişi olacağını vurğulayan Prezident İlham Əliyev tövsiyəsini də diqqətə çatdırdı:”Birliyimiz növbəti dəfə nümayiş etdirilməli, konkret məsələlər müzakirə olunmalı, dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin. Türk dünyasının istəyi, niyyəti işbirliyidir, əməkdaşlıqdır, dostluqdur”.

Parlament diplomatiyasının təsdiqlənən rolunu, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə müsbət təsirini yüksək qiymətləndirən qonaqlar türk dövlətləri arasında uğurla davam edən qardaşlıq münasibətlərinin faydasını bütünlükdə region dövlətlərinin iqtisadi inkişafı, siyasi sabitliyi baxımından yüksək dəyərləndirdilər.

Beləliklə, “ilin sonuna qədər hələ daha çox görüşəcəyik” sözləri ilə əlaqələrin davamlı olacağını diqqətə çatdıran Prezident İlham Əliyev Türkiyə ilə münasibətləri qardaşlığı əbədi sarsılmazlıq rəmzi adlandırdı.

Qardaş ölkənin dəyişilməyən, daha da möhkəmlənən səmimi münasibətini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Azərbaycanın yanındadır” sözləri ilə təsdiqlənib.

Qardaş duyğularından qaynaqlanan bu yanaşmalar isə Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirir. Böyük coğrafiyanı əhatə edən, etnik, mədəni köklər üzərində möhkəmlənən bu birlik birgə səylərlə daha da güclənir.

“Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır”- söyləyən Prezident İlham Əliyev öz haqqını beynəlxalq hüquq çərçivəsində ədalət, və güc yolu ilə həll edən Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə ən mükəmməl seçim adlandırdı. Dünya siyasətinin masasındakı əsl həqiqəti diqqətə çatdırdı:”Sənin gücün olmalıdır ki, öz haqqını müdafiə edə biləsən.”

TÜRKPA-nın “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclasında, həmçinin tədbirin yekunlarına dair brifinqdə bir daha bildirildi ki, Əsas vəzifə Türk dünyasının malik olduğu potensialı dünya miqyasında böyük bir gücə çevirməkdir. Hər toplantı, hər Zirvə görüşü türk əsrinə doğru atılan qətiyyətli addımdır.

Saleh MƏHƏRRƏMOV,

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər