Siyasət

  • 1 449

Müstəqilliyimizi əbədiləşdirən Ümummilli Lider ŞƏRH

image

Zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi ilə Azərbaycanın Memarı, Qurucusu və Xilaskarı Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə dövləti, xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxararaq, gələcək inkişafın təməlini qoydu. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradaraq, ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğurlu səhifələr həkk etdi.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqilliyimizi bərpa etdikdən sonra qazandığımız çox çətin və mürəkkəb zamana təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. O dövrdə siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda son həddə çatmışdır. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi itirmək həddinə qədər yüksəlmişdi. Hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsilə üzləşdi. Şimalda və cənubda baş qaldıran separatizm ölkəni parçalamağa doğru aparırdı. Gəncə hadisələri vəziyyəti son dərəcə gərginləşdirmişdi.

Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etdi. Bu Qaydış ilə ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtulmuş oldu. Azərbaycan xalqı səriştəsiz siyasətçilərin əlindən xilas oldu. Azərbaycanın torpaqları əldən gedirdi ki, bu proses dayandırıldı. Bu qurtuluşun nəticəsi olaraq Azərbaycan xalqı gələcək inkişafının təməlini qoydu. Ölkədə sabitlik hökm sürməyə başladı. Bir sözlə, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı hadisələrin buxovundan xilas etdi, onun müstəqil dövlət kimi inkişafına təkan verdi. Qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatların həyata keçirilməsinə nail olundu. Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin böyüklüyünü ifadə edən amillərdən biri də odur ki, O, mövcud vəziyyəti yetərincə qiymətləndirə bilmişdi. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.

Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev siyasətinin nəticəsidir.

Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər