Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş Ulu Öndər Heydər Əliyev ölkənin həyatında böyük uğurlara nail olmuşdur. Ümummilli Lider Azərbaycanın rəhbəri olduğu bütün dövrlərdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına diqqət göstərmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etdikdə Ulu Öndərin ömrünü həqiqətən də xalqına həsr etdiyinin şahidi oluruq.
Xalqın tarixinə iz salan 15 iyun Azərbaycanın ictimai-siyasi, mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda çevriliş baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn Ulu Öndər qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil etdi. Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Zaman ən böyük hakim olduğundan qısa bir məsafədən Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı.
Sonrakı illərdə, eləcə də Ulu Öndərin sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi dövründə yazılan hər bir tarixi an Heydər Əliyevin müdrik siyasətinin nəticəsində reallaşdı. Azərbaycanın inkişafında yeni bir mərhələ başladı. Yaradılmış baza üzərində Azərbaycanın daha sürətli inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu və Azərbaycan tamamilə yeni bir müstəviyə keçdi. 1993-cü il 15 İyun Azərbaycan xalqının Qurtuluş Günü Azərbaycanın dirçəldilməsinə və intibahına səbəb oldu. Azərbaycan xalqı parçalanmaq təhlükəsindən qurtuldu.
AZƏRBAYCAN SALNAMƏSİNƏ YAZILAN NAİLİYYƏTLƏR
1993-cü il tarixinə qədər Azərbaycan çox böyük problemlərlə qarşılaşdığından, mədəniyyət müəssisələri artıq dağıdılmağa başlamışdır. Bir çox sahələrin mütəxəssisləri kimi mədəniyyət işçilərinin də vəziyyəti kəskin hal almışdı. Acınacaqlı vəziyyətə düşmüş mədəniyyət müəssisələri yenidən qurulmağa, bərpa və təmir edilməyə başladı. Bu sahədə Ümummilli Liderin imzaladığı çoxsaylı sərəncamlar əsaslı dəyişikliklərlə nəticələndi. Respublikamızda kitabxanalar yaradıldı, muzeylər açıldı, teatr və musiqi ocaqları təmir edildi, eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət yetirildi. Bütün bunların hər biri Azərbaycanın inkişafına, eləcə də gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə təkan verdi. Mövcud mədəniyyət müəssisələri təmir edildi, əhaliyə göstərilən mədəni xidmət yüksəldildi. Tarixi muzeyşünaslıq, diyarşünaslıq müəssisələri yaradıldı.
Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycan mədəniyyətinə Heydər Əliyevin diqqət və qayğısının təcəssümüdür. Bakıda qeyd olunan tanınmış sənət adamlarının, xalq artistlərinin tarixi yubileyləri - Şövkət Ələkbərovanın, Qəmər Almaszadənin, Leyla Vəkilovanın, Nəsibə Zeynalovanın, Tofiq Quliyevin və başqalarının yaradıcılığına həsr olunmuş təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olmuşdur. Bu tədbirlərin hər birində Ümummilli Liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.
Dünyanın ən müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri göstərmək olar. Tanrının xalqımıza bəxş etdiyi Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycanı yaratdı. Bugünkü Azərbaycan Onun şah əsəridir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilk olaraq ölkədə stabitliyi təmin etdi. Yaradıcı mühit formalaşdı. Lazımsız senzura ləvğ olundu.
Məlumdur ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Sovet dövründə bütün beynəlxalq mədəni əlaqələrin Moskva tərəfindən müəyyən edilməsinə və tənzimlənməsinə baxmayaraq, özünəməxsusluğu ilə seçilən Azərbaycan incəsənəti beynəlxalq arenaya çıxa bilmiş və bu çıxış öz təcəssümünü Hollandiya, İtaliya, Portuqaliya kimi ölkələrdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsində, Azərbaycan Dövlət Opera və Balet Teatrının Fransa və digər ölkələrdə qastrollarında tapmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq mədəni əlaqələr yeni xarici siyasətin başlıca alətlərindən birinə çevrildi. Heydər Əliyev tərəfindən həyata keçirilən mədəniyyət siyasəti beynəlxalq münasibətlərdə də öz əksini tapmışdır. Bir çox xarici ölkələrlə regional və şəhərlər səviyyəsində əlaqələr nəzərə çarpacaq dərəcədə güclənmişdir.
Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsi olaraq Azərbaycan mədəniyyəti dünya məkanında birmənalı olaraq tanınır.
Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız, məhz Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı kimi tarixə iz saldı. Görülən işlərin məntiqi oaraq belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçib. Bu yüksəliş dövründə mədəniyyət və incəsənətimizin aparıcı simalarına göstərilən qayğı da diqqəti çəkən məqamlardandır. Ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamış Azərbaycan teatr sənətinə dövlətimiz tərəfindən daha bir diqqətdir.
MƏDƏNİYYƏTİN MADDİ-TEXNİKİ BAZASI MÖHKƏMLƏNDİRİLİB
Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətimizə böyük önəm verilir.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənib. Belə ki, mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət müəssisələrinin təmirinə diqqət artırılıb. Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binası təmir olunur, müasir üslubda yenidənqurma işləri aparılır. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı əsaslı təmirdən sonra qapılarını tamaşaçıların üzünə açıb. Muzeylərimiz, kitabxanalarımız yenidən qurulur. Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir. Bu muzeylərdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır. Azərbaycanda yeni üslubda olan orijinal Xalça Muzeyi üçün yeni bina inşa edilib. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir.
Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə dayanır. Göründüyü kimi, Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir.
İNKİŞAFIN, VƏTƏNDAŞ HƏMRƏYLİYİNİN TƏMİN OLUNDUĞU GÜCLÜ DÖVLƏT
Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. 2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə Zəfər yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silah-sursatlar bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Burada təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Nəzakət ƏLƏDDİNQIZI