PDF Oxu

Siyasət

  • 1 205

Misir Azərbaycanın haqq səsinə dəstək verən ölkədir - ŞƏRH

Misir Azərbaycanın haqq səsinə dəstək verən ölkədir - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına baş tutan iki günlük səfəri bir çox məqamlarla diqqəti cəlb etmişdir. İyunun 8-də səfər çərçivəsində keçirilən mətbuat konfransında prezidentlər əməkdaşlığın dərinləşməsi, iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqda bəyanatla çıxış ediblər.

Ümumiyyətlə, bu gün Azərbaycan Misir münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakı ilə Qahirə arasında intensivləşən təmaslar, səfər çərçivəsində imzalanan sənədlər hər iki xalqın milli maraqlarına cavab verir. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından, yeni imkanlar yaradır, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğundan xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Bu əməkdaşlıq dünyada islamofobiya meyillərinin gücləndiyi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq miqyasda özünü göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli tendensiyalara qarşı fəal mübarizə aparır. İslam həmrəyliyi prinsipini rəhbər tutan Azərbaycan bu məqsədlə ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu kontekstdən yanaşanda Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətləri xüsusi əhəmiyyət daşıyır.

Cənab İlham Əliyevin Misir səfəri bir sıra münaqişələrin müzakirəsi ilə də yadda qaldı. Məlum olduğu kimi, Qəzzada davam edən müharibə fonunda Azərbaycana qarşı ittihamlar artır. Cənab İlham Əliyev məhz Qahirədə İsrail-Fələstin münaqişəsinin həlledici ölkəsinin paytaxtında Azərbaycanın münaqişə ilə bağlı mövqeyini bir daha qeyd etdi və bu məsələdə Misirlə eyni mövqeni bölüşdüyünü xüsusi vurğuladı. Çünki Azərbaycan da Misir kimi İsraillə siyasi-diplomatik əlaqələrə malik ölkədir. Qahirə ilə yaxınlaşma və Qahirədən dəstək almaq Bakıya qarşı Fələstin mövzusunda ittihamları zəiflədir. Çünki Misir İsrail-Həmas müharibəsində əsas vasitəçi ölkədir və Azərbaycanın Fələstin məsələsində Qahirəni dəstəkləməsi rəsmi Bakının düzgün seçimidir.

Siyasi analitiklər hesab edirlər ki, Misir Ərəb Respublikasına səfər həm iki ölkə əlaqələrinin inkişafı, həm də Misir rəhbərliyinin COP29-da iştirakı və ümumilikdə, Azərbaycana beynəlxalq platformalarda dəstək verməsi, həm də Fələstin-İsrail münaqişəsi fonunda Azərbaycanın Misirlə həmrəylik nümayiş etdirməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.

Nazim BÜNYATOV

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər