“Azərbaycan 1991-ci ilin 18 oktyabrında öz dövlət müstəqilliyini bərpa etsə də, 1993-cü ilin ortalarına qədər problemləri günü-gündən artırdı. Hakimiyyətdə olan siyasi qrupların dövlətçilik barəsində təsəvvürləri bəsit idi və dövlət idarəçiliyi təcrübəsinə malik deyildilər. Yalnız şüarlarla hərəkət edən hakim dairələr Ermənistan işğalı qarşısında problemlərini daha da artırırdılar. 1993-cü ilin 15 iyununa Azərbaycanın cəmiyyəti zəif dövlətçilik, parçalanmış cəmiyyət, mövcud olmayan ordu və dünya birliyində nüfuzu olmayan bir ölkə kimi gəlmişdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Azərbaycan 1993-cü ilin iyun ayına artıq vətəndaş müharibəsi vəziyyətində qədəm qoymuşdu: “Ancaq bununla belə Azərbaycan xalqı 1991-ci ildən Naxçıvanda rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin fəaliyyətindəki uğurları və Azərbaycan üçün etdiyi böyük fəaliyyəti nəticələrdə görürdü. Azərbaycan xalqı onu gözləyən tarixi fəlakətdən qurtulmaq üçün Ümummilli Lideri yenidən böyük siyasətə dəvət etdi. Heydər Əliyev faktoru Azərbaycanı dövlətçiliyini itirməkdən, vətəndaş müharibəsi faciəsindən, təbii sərvətlərin xarici şirkətlərin nəzarəti altına keçməsi perespektivindən xilas etdi. Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi sözün həqiqi mənasında milli qurtuluş idi. Azərbaycan xalqı öz müstəqil dövlətçiliyini reallığa çevirməyə başladı.Ümummilli Liderin ilk addımları dövlətin möhkəmləndirilməsi, yeni ordunun qurulması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, gələcəkdə keçiriləcək böyük islahatlara hazırlıqla başladı. Ulu Öndərin cəmiyyətdə böyük dəstəyi islahatların aparılmasına mühüm töhfə verdi. Ermənistan qarşısında Heydər Əliyevin rəhbərlik etdiyi öz hüquqlarını bilən bir dövlət var idi.1994-cü ildən Azərbaycan atəşkəs rejimi əldə edildikdən sonra ciddi islahatlar keçirməyə başladı. 1995-ci ildə yeni Konstitusiyanın qəbulu, 1996-cı ildən torpaq islahatı və özəlləşdirmənin həyata keçirilməsi, 1998-ci il üçün bir çox hüquqi islahatların aparılması Azərbaycanı bir dövlət kimi möhkəmləndirməyə başladı. Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Həmin gündən etibarən Azərbaycan dövləti durmadan inkişaf edir, nüfuzunu artırır”.
Müəllif: Səbinə Hüseynli