PDF Oxu

Siyasət

  • 2 356

Qardaşlığı və gücü tərənnüm edən bəyannamə ŞƏRH

Qardaşlığı və gücü tərənnüm edən bəyannamə ŞƏRH

15 iyun 2021-ci il Azərbaycan və qardaş Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi 44 günlük savaşdan sonra iki ölkə arasındakı münasibətlərin nə qədər dərin köklərə dayanan münasibət olduğunu bir daha sübut etdi.Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırdı və iki ölkə arasındakı qardaşlığın yeni mərhələsinə qədəm qoydu.Bu bəyannamə Azərbaycan və qardaş Türkiyə arasındakı münasibətlərin bugünü ilə yanaşı gələcəyini də müəyyən edir və iki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan bu sənədin tarixi əhəmiyyəti böyükdür. Belə ki, Şuşa Bəyannaməsi hərbi, müdafiə, müdafiə sənayesi, siyasi və iqtisadi, təhlükəsizlik, Zəngəzur dəhlizi və s. bu istiqamətdəki məsələlərdə əməkdaşlığı özündə ehtiva edir. Sənəddə xüsusi olaraq, Cənub Qaz Dəhlizi kimi mühüm məsələni də vurğulamaq yerinə düşər. Sənədin imzalanması tarixindən bugünə tarixi ekskurs etsək, görərik ki, artıq bu istiqamətlərdə iki ölkə arasında ciddi işlər reallaşdırılır.Dost, qardaş ölkə olan Azərbaycan və Türkiyə bu tarixi hadisə ilə bütün dünyaya mesaj vermiş oldu ki, regionda – Cənubi Qafqazda davamlı sülh, barış, təhlükəsizliyin təmin olunmasına, Azərbaycan və qonşu sərhədlərin toxunulmazlığına yeni imkanlar yaradır. Bəyannamənin dünyaya mesajı həm də Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin də müdaxilə etmək hüququnun olmasıdır.

Ölkə başçısı cənab Prezident İlham Əliyevin 29 aprel 2022-ci il keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında diqqət yetirdiyi məsələlərdən biri də Şuşa Bəyannaməsinin dünyaya verdiyi mesaj, “Nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Ermənistanın nəhayət qərar verməli dir ki, onlar bunu necə görmək istəyirlər” bəyanatı oldu.

Cənab Prezident qeyd etmişdi ki, Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.

Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, 15 iyun 2021-ci il Azərbaycan və qardaş Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi birbaşa olaraq, Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin ən əsas strateji əhəmiyyəti həm də budur. Bununla Azərbaycanın dostları da, bizə dost olmayanlar da Şuşa Bəyannaməsi imzalanandan bu mesajı özləri üçün almış olublar.

Yuxarıda da qeyd etdiyimiz kimi Şuşa Bəyannaməsi Azərbaycanla yanaşı, həmçinin Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından önəmlidir və regionda sülhə xidmət edir. Bu istiqamətdə ölkə başçısının mövqeyini xüsusi qeyd etmək yerinə düşər ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər. Azərbaycan nəqliyyat dəhlizlərinin qısa müddətdə reallaşdırılmasını istəyir. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər. Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik.

Heç kəsə sirr deyil ki, bu gün Ermənistan obyektiv və subyektiv səbəblərdən 2020-ci ilin 9 noyabrından 10 noyabrına keçən gecə Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan sazişə əsasən Zəngəzur dəhlizinin açılmasını, nəqliyyat kommunikasiya əlaqələrinin yaradılmasını ləngidir.

Prezident cənab İlham Əliyevin istər yerli, istərsə də beynəlxalq jurnalistlərə verdiyi mesajlardan İrəvan nəticə çıxarmalıdır. Nəqliyyat, kommunikasiya dəhlizlərinin açılmasından təkcə Azərbaycan deyil, eyni zamanda Ermənistan yararlanacaq, ondan mənfəət götürəcək.

Şuşa Bəyannaməsi Cənubi Qafqazdakı təhlükəsizliyin fonunda bölgədə inteqrasiya proseslərini stimullaşdırır, ölkənin iqtisadi qüdrətini artırır, əraziyə yeni sərmayə qoyuluşunu sürətləndirir, bununla da yeni iqtisadi münasibətlərin formalaşmasına səbəbiyyət yaradır, ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycan və qardaş Türkiyənin bölgədə sülhün təminatçısı olduğunu dünyaya mesaj verir.

Leyla Həmidova

YAP Yasamal rayon “H.Cavid pr.115(AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər