“Azərbaycanın müasir müstəqillik tarixini bir neçə mərhələyə bölsək həmin dövr tarixin ən ağır günlərindən biri kimi xarakterizə edilməlidir. Həmin ağır gündə bütün Azərbaycan xalqının gözü Naxçıvana, Ulu Öndərə dikilmişdi. Çünki ermənilərin məqsədi bütövlükdə Azərbaycanı işğal etmək idi. Azərbaycanı yalnız Ulu Öndər xilas edə bilərdi. Heydər Əliyev həyatını riskə ataraq ölkəmizi bütün müsibət və faciələrdən xilas etdi”. SİA xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.“Təəssüf ki, bəzən həmin dövrü xatırlayarkən bəzi insanlar çətin vaxtları unudurlar. Halbuki insanlar adi çörəyi belə tapa bilmirdilər. Həmin günlərdən bu günə gəlib çıxmışıq. Bugünkü qələbəmizin və zəfərimizin təməli elə həmin vaxtdan qoyulub”,- deyə o əlavə edib.