Azərbaycan və Türkiyə tarixi köklərlə və qırılmaz tellərlə əsrlər boyu bir-birinə bağlı olmuşdur. Bu nöqteyi - nəzərdən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.
Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş günündə, həm də Şuşada imzalanması böyük siyasi məna daşıyır. Bu Bəyannamənin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bağlanan Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaq. Bu tarixi sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev tarixi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamını söyləmişdir.
Türkiyə Vətən müharibəsinin gedişində Azərbaycana mənəvi-siyasi cəhətcə dayaq olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmiz üçün Zəngəzur dəhlizinin açılması böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır.
Təsadüfi deyildir ki, iyin ayının 6-da TÜRKPA-nın Bakıda keçirilən növbəti plenar iclasının iştirakçılarını qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, “Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.”
Cənab Prezident onu da qeyd etmişdir ki, “ bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər”.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən biri də ondan ibarətdir ki, hər iki ölkə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı surətdə bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə iki qardaş ölkənin hərbi qüdrətinin yüksəlməsi deməkdir. Çoxsaylı birgə hərbi təlimlərin keçirilməsi bu Bəyannamədən sonra daha intensiv xarakter almışdır.
Bu Bəyannamə təkcə Azərbaycanla Türkiyənin strateji müttəfiqliyini əsasını qoymamışdır, həm də bütün Türk dünyasının birliyinin təməlini qoymuşdur.
Bir gündən sonra bağlanmasının üç ili tamam olacaq Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə Qardaşlığını yeni tarixi mərhələyə yüksəldən tarixi sənəddir.
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini