"Cənubi Qafqaz qlobal güclərin, maraqların toqquşduğu bir məkandır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.O bildirib ki, Cənubi Qafqazda baş verən təlatüm buranı qlobal güclərin savaşının episentrinə çevirib: "44 günlük Vətən müharibəsindən sonra Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etdikdən sonra, demək olar ki, Cənubi Qafqazdakı prosesləri tənzimləyən bir dövlətə çevrilib. Bu baxımdan Azərbaycan suverenliyini bərpa etdikdən sonra yaxın qonşularımızla, xüsusilə də, Türkiyə ilə münasibətlərini genişləndirməkdədir. Türkiyə, Rusiya, İran, Gürcüstan kimi qonşu respublikalarla əməkdaşlığımızı genişləndirməkdəyik. Xüsusilə də, Türkiyə-Azərbaycan arasında Şuşa bəyannaməsinin imzalanması aramızdakı qardaşlığın bir təməlidir. Ulu Öndərin fikrini ifadə etmək istəyirəm, biz "bir millət, iki dövlət" şüarı ilə yola çıxdıq. Azərbaycan bu ideyanı həyata keçirməklə işğal olunmuş ərazilərimizi təmizlədi. Təbii ki, qarşıda böyük hədəflər var. Çünki dünya düzəni, dünyada gedən böyük təlatüm ki var, Ukrayna ərazisində Rusiya-Amerika savaşı gedir, bu münaqişənin sonunda dünya yenidən formatlaşacaq, qütbləşəcək. Bu baxımdan Türkiyə və Azərbaycan regional gücdən qlobal gücə çevrilmə ərəfəsindədir. Bu baxımdan Şuşa Bəyannaməsi xüsusi önəm daşıyacaq. Türk Dövlətləri Təşkilatı fonunda bir millət, bir ittifaq halına gəlmək tarixi zərurətdən qaynaqlanır. Şuşa Bəyannaməsi bu ittifaqın yaranmasının əsasını qoyub. Hesab edirəm ki, Şuşa Bəyannaməsi Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin həm dostluq və qardaşlığı, həm də bir-birinə etimadından qaynaqlanır"."Xatırlatmaq, tarixə kiçik ekskursiya etmək istəyirəm; Əbülfəz Elçibəy müsahibələrinin birində dedi ki, Kəlbəcərin işğalı dövründə biz Türkiyədən 4 mülki vertolyot istədik ki, əhalini Kəlbəcərdən çıxaraq. O dövrdə Türkiyənin rəhbərliyi açıq şəkildə imtina etdi, tərəddüd etdilər. Amma 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq bir fikri, şüarı var idi: "Bu münaqişəyə kim müdaxilə edərsə, qarşısında qardaşım da olsa, məni görəcək".F16-ların Gəncə aeroportunda gözləməsi də təsadüfi deyildi. Artıq Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpasında mənəvi, siyasi dəstəyi əvəzsiz olub. Bu da Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin qardaşlığından qaynaqlanırdı. Türkiyə Prezidentinin prezident seçkilərindən sonra Azərbaycan Prezidenti də oraya getmişdi. Oradakı qarşılanma prosesində və Türkiyə Prezidenti açıq şəkildə Azərbaycan Prezidentinin adını vurğulamaqla ona yüksək səviyyədə diqqət göstərməsi bir daha onu göstərir ki, Azərbaycan və Türkiyənin dostluğu əbədidir. Prezidentlərimizin qardaşlıq münasibəti xalqlarımızın, dövlətlərimizin birliyinə dəlalət edir" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə