PDF Oxu

Siyasət

  • 1 255

Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir - DEPUTATIN ŞƏRHİ

Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir - DEPUTATIN ŞƏRHİ

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olunub. Bəs nə dəyişib? Əlbəttə, tarixi sənədin imzalanmasından sonra dünya birliyinin bizə qarşı münasibətində dəyişikliyi görürük, qardaş ölkə ilə bütövləşmişik, bir dövlətə çevrilmişik. Şuşa Bəyannaməsi qardaşlığımızın rəmzidir, Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa, iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar. Müttəfiqlik haqqında imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və sənəddə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması əbədi qardaşlığın təcəssümüdür: “Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləmişdi: "Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var". Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır. Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 iyun - Milli Qurtuluş günüdürsə, ikincisi onun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmasıdır. Əgər 29 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını Ümummilli Lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı. Sənədin əhəmiyyəti barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da xüsusi olaraq vurğulayıb ki, “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”. Bəli, qədim Şuşadan verilən açıqlamalar bütün dünyaya səs saldı və inanırıq ki, bundan sonra uzun illər ərzində yaddaşlarda qalacaq.

Digər xəbərlər