Siyasət

  • 1 055

Milli birlik və mədəniyyət paytaxtı – ŞUŞA TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük"

Təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhəri ümummilli birləşdirici məkan rəmzi kimi yerini daha da möhkəmləndirir. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak etdilər. Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərdi ki, işğaldan azad olunan torpaqlarımız əzəli sakinlərini qoynuna alanda belə əzəmətli, möhtəşəm olur. Şuşa bu gün yeni bir dövrünə qədəm qoyub. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. 28 ilə yaxın bir tarixdə erməni işğalında qalan Şuşamız azad olundu. Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalsa da, başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi haqqında Sərəncamı bu şəhərin böyük mədəniyyət beşiyi olduğunu bir daha təsdiqlədi. Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Zəfər qazanan xalq hər qarış torpağına, məhz ruhuna uyğun olaraq nəfəs verir. Axı bu günü illərdir ki, gözləyirdik. Gözləyirdik ki, bizim yolumuzu gözləyən torpaqlarımıza nəfəs qataq. Əlimizlə, zəhmətimizlə, səsimizlə, addımlarımızla. Bu gün bizlərə nəsib oldu. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

ZƏFƏR QURULTAYI

Beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycanın incisi Şuşa şəhərində 65 ölkədən gəlmiş 400 nümayəndənin iştirakı ilə keçirilən Zəfər Qurultayı mühüm bir dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti 2022-ci ili "Şuşa ili" elan etmişdir. Zəfər Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, "Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir".

Şuşada belə bir Qurultayın keçirilməsi böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi xəbərdarlıq idi. Dünyanın hər yerindən buraya toplaşmış nümayəndələr Azərbaycan xalqının soykökünə, tarixinə və azadlıq eşqinə bağlılıqlarını bir daha ifadə etdirmiş oldular.

Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün "yol xəritəsi" idi. Zəfər Qurultayı Azərbaycan diasporunun yenidən, daha mütəşəkkil formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcı kimi səciyyələnir. Bu mötəbər tədbirin Şuşa şəhərində keçirilməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Həmin Qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər əlbəttə ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti seçildiyi ilk gündən bu günə qədər cənab İlham Əliyev bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi məqsədilə bütün gücləri səfərbər etmişdir. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.

Postmüharibə dövründə Prezident İlham Əliyev diplomatiyasının ən parlaq nəticələrindən biri də məhz aparıcı beynəlxalq təşkilatların Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməsidir.

ŞUŞA BƏYANNAMƏSİ - DİPLOMATİYA TARİXİMİZİN ƏN MÜHÜM SƏNƏDLƏRİNDƏN BİRİ

Üç il əvvəl 2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Azərbaycanın müstəqillik tarixində yeni səhifə oldu. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verdi. Bu Bəyannamə dövlətlər arasında əlaqələri ən yüksək zirvəyə qaldıraraq, gələcək işbirliyinin təminatında mühüm sənəd kimi tarixdə yer aldı. Azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə dövlətlərarasında əməkdaşlıqda strateji əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur və Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır". Şuşa Bəyannaməsi həmçinin hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına geniş imkanlar açmış oldu.

"TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI: GEOSİYASİ REALLIQLAR VƏ QLOBAL KATAKLİZMLƏR FONUNDA YENİ STRATEJİ HƏDƏFLƏRƏ DOĞRU"

Bu günlərdə isə iyunun 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirin qardaş Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin xüsusi önəmi var. Bu konfrans Türk dünyasında hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirəsi baxımından da əhəmiyyət kəsb edir.

TÜRK DÜNYASINDA BİRLİYİN DAHA DA MÖHKƏMLƏNMƏSİNƏ, YENİ HƏDƏFLƏRİN REALLAŞMASINA DƏYƏRLİ TÖHFƏLƏR

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti ünvanlayıb. Müraciətdə deyilir: "Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir. Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir".

Cənab Prezident onu da bildirib ki, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır: "Əminəm ki, Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcəkdir".

Bildiyimiz kimi, türk dövlətlərinin regionda sabitliyin və sülhün qorunub saxlanılmasında rolu getdikcə artır. ürk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır.

Məlumdur ki, müasir dövrümüzdə bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi haqqında qərar da məhz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması əlbəttə ki, qürurvericidir. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.

Xatırladaq ki, istismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir.

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Bildiyimiz kimi, üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük: "Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir".

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər