PDF Oxu

Siyasət

  • 1 886

Azərbaycan-ABŞ: dost və tərəfdaş dövlətlər ŞƏRH

Azərbaycan-ABŞ: dost və tərəfdaş dövlətlər ŞƏRH

Prezident İlham Əliyev: "Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir"

Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Azərbaycan-ABŞ münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Siyasi və təhlükəsizlik, eləcə də enerji sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. İyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi əlaqələrin inkişafının təzahürüdür. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.

AZƏRBAYCAN AVROPADA QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİNİN MÜHÜM SÜTUNUDUR

Xatırladaq ki, Azərbaycan bu yaxınlarda Bakı Enerji Həftəsinə ev sahibliyi etdi. Bu dünya ölkələri ilə sıx əməkdaşlığı, dialoqu gücləndirir, eyni zamanda, daha dayanıqlı enerji gələcəyini təmin etməyə kömək edir. Enerji təhlükəsizliyinə nail olmaq hər bir ölkənin qarşısında duran böyük məqsəddir. Bunun üçün dayanıqlı regional əməkdaşlıq zəruridir. Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden məktub ünvanlamışdır. "Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər" – deyə məktubda bildirilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti məktubunda regional sabitlik və əlaqələrin Birləşmiş Ştatlar üçün prioritet məsələlərdən olduğunu bildirirərək vurğulamışdı ki, , onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır: "Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq. Mən möhkəm ikitərəfli əlaqələrimizə yeni təkan vermək imkanını alqışlayıram və COP tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusundayam".

SÜLH MÜQAVİLƏSİNİN ƏSASINI TƏŞKİL EDƏN PRİNSİPLƏRİN VƏ ONUN MƏTNİNİN TƏŞƏBBÜSKARI AZƏRBAYCANDIR

Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib. Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.

Azərbaycan-ABŞ əməkdaşlığında yeni perspektivlər, ikitərəfli əlaqələr yüksək qiymətləndirilib.Ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir. Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır".

ENERJİ SAHƏSİNDƏ ÖLKƏLƏRİMİZ ARASINDA ÇOXİLLİK UĞURLU ƏMƏKDAŞLIQ

Bildiyimiz kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradıldı. Dövlətlərarası diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmləndi. 1997-ci il 29 iyul tarixində Prezident Heydər Əliyevin ABŞ-a rəsmi səfəri bu əlaqələrin möhkəmlənməsində əhəmiyyətə malikdir. Daha sonra 2003-cü il 23-27 fevral tarixlərində Ulu Öndərin ABŞ-a işgüzar səfəri əməkdaşlığın davamlığını əks etdirir. Ulu Öndər Heydər Əliyevin ABŞ-a tarixi səfərləri nəinki bu iki ölkənin strateji əməkdaşlığının möhkəmləndirilməsində keyfiyyətcə yeni bir mərhələ, habelə, bu əməkdaşlığın fundamental əsaslarının bir daha sınaqdan çıxmasında vacib əhəmiyyət daşıyan hadisə oldu. Əməkdaşlıq əlaqələri Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətlərarası qarşılıqlı işgüzar görüşlər bu əlaqələrin davamlılığına söykənir. ABŞ və Azərbaycan arasında münasibətlərin pozitiv keşmişi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Ölkələr arasında münasibətlərin siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri var.

Prezident İlham Əliyev enerji sahəsində ölkələrimiz arasında çoxillik uğurlu əməkdaşlığa toxunub. Əlbəttə ki, Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən əməkdaşlığı da xüsusi olaraq qeyd etməliyik. 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır. ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində rol oynayıb.

COP29-A HAZIRLIQ PROSESİ ÇƏRÇİVƏSİNDƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ

Dövlət başçımız eyni zamanda, iqlim dəyişikliyi və COP29-a hazırlıq prosesi çərçivəsində ölkələrimizin nümayəndə heyətləri arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın dəstək niyyətinə görə təşəkkür edib.

Təbii ki, COP29 əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradır. COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün geniş imkanlar açacaqdır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da artırır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsi Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmətin göstəricisidir. Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir.

Dövlətimizin başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib.

Telefon danışığı əsnasında ölkələrimiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırır, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əməkdaşlığa malik olduğunu bir daha göstərir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər