Siyasət

  • 1 072

Cənubi Qafqaz regionunda güclü ORDU TƏHLİL

image

İyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü qeyd olunur. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük nailiyyətlərə imza atmışdı. Görülən işlər sırasında ordu quruculuğu sahəsindəki tədbirlər böyük əhəmiyyət kəsb edir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa zaman məsafəsində Azərbaycanda milli ordu quruculuğunda uğurlar əldə edildi. Bu gün həmin tarixdən bir əsrdən artıq zaman 106 il ötür.
Sovet dövründə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlərə nəzər salsaq görərik ki, Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması məqsədi ilə ardıcıl işlər görülüb. Hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. Lakin onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyətə başladı. Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılması görülən işlərin davamı və zirvəsi idi.

ORDU QURUCULUĞUNDA ƏSASLI DÖNÜŞ

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan ilə müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələr yarada bilmədilər. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o zamankı respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edildi. Bu gün sabitlik, iqtisadi inkişaf və güclü müasir ordunun formalaşdırılması müasir Azərbaycanın əsas göstəricilərindəndir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

UĞURLU İQTİSADİ SİYASƏT

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. "Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın". - deyə Prezident bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu göstərdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

"DÜŞMƏNƏ ELƏ SARSIDICI ZƏRBƏ VURDUQ Kİ, DÜŞMƏN BU GÜNƏ QƏDƏR ÖZÜNƏ GƏLƏ BİLMİR"

Qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğu bütün dünyaya nümayiş etdirildi. Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə öz gücünü göstərdi. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını tezliklə erməni işğalında olan torpaqlarımızda da dalğalandıracağına inamımız sonsuz idi. Nəhayət, həmin zamana şahidlik etdik. "Mən işğal dövründə dəfələrlə deyirdim ki, bizim üçün birinci vəzifə ərazimizin bərpasıdır, ərazi bütövlüyümüzün təmin edilməsidir. Deyirdim ki, əgər danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik. Əfsuslar olsun ki, mənim sözlərimə bəziləri laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, düşmən bu günə qədər özünə gələ bilmir", - deyə Cənab Prezident bildirib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. "Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür", - deyə Prezident bildirib. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını bildirən Cənab Prezident işğal dövründə ordu quruculuğunun bizim üçün bir nömrəli vəzifə olduğunu qeyd edib: "Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır".

"QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA" HƏQİQƏTİ

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Qəhrəmanlıq dastanını yazan rəşadətli Ordumuzun Vətən müharibəsində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin zəfəri oldu. Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bu gün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır. Ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silah-sursatlar bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Vətən müharibəsində qazanılan ZƏFƏR bütün türk dünyasının qələbəsi olaraq dünyaya mesaj oldu.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər