Siyasət

  • 406

Bakının əsas hədəfi ixracdır! TƏHLİL

image

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir

Bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Bu yaxınlarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri Azərbaycanın bu istiqamətdəki mühüm addımlarından xəbər verir. İyunun 21-də Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir. Bu müsahibə həm də bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur.

Bu gün Azərbaycan özünün yaşıl gündəliyi ilə istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində qlobal səylərə mühüm töhfə verməkdədir. Lakin aydındır ki, yaşıl gündəlik yalnız dövlətlərin vədlərindən və götürdüyü iddialı öhdəliklərindən ibarət deyil, ciddi səy tələb edir. Aydındır ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Lakin ötən dövrün təcrübəsinə nəzər salsaq, Azərbaycan özünün inkişaf strategiyasında hələ çox-çox əvvəldən, 2004-cü ildən etibarən qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqinə əhəmiyyətli yer verməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir.

Gəlin faktlara diqqət edək. Qazıntı yanacağı ilə zəngin olmasına baxmayaraq Azərbaycanın ənənəvi enerji sənayesinin özünün beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, tədricən bərpaolunan enerjiyə transformasiyasında əldə etdiyi uğurlar qətiyyətli fəaliyyətin real nəticəsidir. Təbii ki, bu amil yeni baxış rakursuna malik qlobal sərmayədarlar üçün özlüyündə ən azı Azərbaycanın bərpaolunan enerji mənbələri sayılan əlverişli iqlim resursları qədər cəlbedicidir. “Masdar”, “ACWA Power” və “BP” kimi sərmayədarların mövcudluğu və maraq göstərən subyektlərin dairəsinin genişlənmə tendensiyası bu reallığı bir daha sübut edir. Nəticə etibarilə ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı, Bakı enerji həftəsi çərçivəsində 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması da məhz bu prosesin bəhrəsidir. Üstəlik Azərbaycan Prezidentinin cari müsahibəsində də ifadə etdiyi kimi, “Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq.”

Proseslərin bu cür inkişafı daha bir reallığı – Azərbaycanda yaxşı sərmayə mühitinin olmasını meydana çıxarır ki, müsahibədə Prezident İlham Əliyev bu məqama da xüsusi diqqət çəkir. Nəticədə, neft və qaz istehsalçısı qismində olduğu kimi Azərbaycan qlobal miqyasda bərpaolunan enerji sahəsində strateji tərəfdaş kimi özünü təsdiq edə bilməkdədir. Azərbaycanın özünün ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltməsi bu sahədə Bakıya inamı daha da möhkəmləndirir. Bu isə əlavə addımları zərurətə çevirir ki, Prezident İlham Əliyevin də dediyi kimi, “biz, ilk növbədə, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq.”Xatırladaq ki, hələ 2022-ci ilin dekabrında Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Avropa İttifaqına ixrac edəcək elektrik ötürücü kabelin çəkilməsi haqqında saziş imzalayıb. Bu özlüyündə vacib nüansdır, çünki Azərbaycanın özünə mövcud potensialın vəd etdiyi qədər bərpaolunan enerji lazım olmadığı üçün Bakının əsas hədəfi ixracdır.Dövlətimizin başçısı müsahibədə bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Həm də gerçəklik ondan ibarətdir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

Dövlətimizin başçısının bu müsahibəsi son illərin qlobal problemlərini əhatələyib və dövlət başçımız verilən sualları Azərbaycanın dövlət maraqları baxımından şərh edib. Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən Prezident İlham Əliyev qeyd edib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Prezident İlham Əliyevin müsahibəsindən SİTAT: “Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etdiyini, tədbirin 1994-cü ildə təşkil olunduğunu, 30 ildir keçirildiyini, hər enerji tədbirinin ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmadığını, onun unikal mahiyyətə və gücə malik olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

Beləliklə, bu gün COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə həm də böyük məsuliyyət qoyur. Azərbaycan isə həmin məsuliyyətlə də bu sınaqlardan uğurla çıxacaq!

Rəfiqə Kamalqızı

Digər xəbərlər