PDF Oxu

Siyasət

  • 1 996

Azərbaycan dövləti torpaqlarımız kimi, şəhidimizi də geri alır

Azərbaycan dövləti torpaqlarımız kimi, şəhidimizi də geri alır

2020-ci il... Bu tarixədək Azərbaycan torpaqlarının 20 faizdən çoxu işğal altında idi. Düz 30 il idi ki, qonşuluqdan kənar olmuş ermənilərlə mübarizə aparırdı dövlətimiz. Tək ermənilərlə deyil, ermənilərin söykəndiyi dünya ölkələri, onların havadarları, beynəlxalq təşkilatlarla mübarizə aparırdı. Bu mübarizədə hansı yollardan keçmişdi, bu yollarda nə kimi keşməkeşlərlə qarşılaşmışdı, bunu açıq şəkildə görə bildik. Lakin çox təəssüf ki, görməyənlər də oldu. Elə burada bir deyimi xatırlatmaq necə də yerinə düşür: hər kəs baxır, lakin hər kəs görmür.

Elə bu görmə mümkünsüzlü səbəbindən də 2020-ci ildə əldə etdiyimiz şanlı Zəfərə don geyindirməyə çalışanlar oldu: nə üçün Qarabağ daha tez deyil, 30 il sonra azad edildi?

Ortaya atılan məsələyə baxın. Nə qədər çılpaq və gülüncdür. Bunu söyləyənlər utanıb bir küncə çəkilmədilər. Vaxtilə sələflərinin buraxdığı səhvin düzəldilməsinə sevinmədilər. Başlarını qaldırıb yeni iddialara başladılar. Lakin nə fayda? Onlar illərdir ki, özləri deyib, özləri eşidir. Azərbaycan xalqı onları 1990-cı illərdə tanıyıb, tanıdığı üçün də gömüb. Təzədən səs çıxarmağın heç bir faydası yoxdur.

Azərbaycan dövləti tariximizin 270 il zaman kəsiyindən sonra ilk dəfə torpaqlarımızı işğaldan azad edib, Zəfər bayrağını qaldırmaqla, yeni tarix yazdı. “Bəs Xankəndi, Xocalı?..”,- deyərək yeni gündəm yaratmaq fikrində olanların 2023-cü ildə yenə dili qurudu. Çünki birgünlük antiterror əməliyyatı ilə dövlətimizin ərazi bütövlüyü, konstitusiya quruluşu tamamilə bərpa olundu.

Azərbaycan dövləti Zəfər üzərinə yeni bir Zəfər də qazandı.

Zaman hər dərdin dərmanı olduğu kimi, xalqımızın da 30 ildən bəri sağalmaq bilməyən yarasına məlhəm oldu. Bu yara ona görə sağalmırdı ki, ürəklərdən su içirdi. Ürəklərdəki yurd həsrəti isə bu suya qarışdığından yaraların sağalması mümkün olmurdu.

Minlərlə məcburi köçkünümüz qaçqınlığın hələ ilk illərində olmazın müsibəti ilə qarşılaşmışdı. Evindən silah burnunda zorla qovulan soydaşlarımız ölkəmizin dörd bir yanına səpələnmiş, qəlblərində gəzdirdikləri yurd hicranı, min zəhmətlə saldıqları ev-eşikləri, həyət-bacalarına qayıtmaq həsrəti ilə qovrulurdular. Onlar yurd yerlərində əzizlərinin məzarını qoyub gəlmişdilər. O məzarlar illər idi ki, ziyarət olunmurdu. Onlar yurd yerlərində gözləri qarşısında düşmən tərəfindən qanı axıdılan əzizlərini və qana doyan torpaqları qoyub gəlmişdilər. Bu torpaqlar illər idi ki, doğmasının ayaq səsinə həsrət qalmışdı.

Budur, artıq dörd ildir ki, erməni nankorları Qarabağdan birdəfəlik qovulub, bu gözəl yurd yerimiz anası Azərbaycana qovuşub. Xankəndi, Xocalı, Xocavənd... kimi yurd yerlərini də dövlətimiz soydaşlarımıza qaytarandan sonra artıq Birinci Vətən müharibəsində itkin düşən, geri qayıtmayan vətəndaşlarımızın izinə düşüb və onların tapılması ailələrinin bir qərinəlik intizar və iztirabına son qoyur, onların əzizlərinin 30 ildən çox yollara dikilmiş gözlərinə məlhəm olur.

Artıq müharibədən sonra azad edilmiş torpaqlardan neçə-neçə igid oğulların nəşinin qalıqları tapılıb ailəsinə verilib, Vətən uğrunda canından keçən bu igidlər dövlətimiz tərəfindən ölümündən sonra qiymətləndirilib, qəhrəmanlıq zirvəsinə yüksəldilib. Beləliklə, dövlətimizin vətəndaşına, ümumilikdə insan amilinə verdiyi dəyərin şahidi oluruq. Xalqın övladının hər birinin nə qədər əziz və qiymətli olduğunu göstərən bu faktlar isə təbii ki, xalq-dövlət birliyini hər gün daha da artırır. Hansı ki, bunu Azərbaycan xalqı 1993-cü ilədək görə bilməmişdi.

***

Budur, həmin faktlardan daha biri. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü öncəsi hər kəsin diqqəti dövlətimizin başçısının imzaladığı sərəncama yönəldi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

2020-2023-cü illərdə torpaqlarımız erməni işğalından bir-bir azad edildi. İndi isə 30 ildən artıq o torpaqlarda ermənilər tərəfindən girov götürülmüş, min bir işgəncəyə məruz qalmış övladlarımızın müəmmalı qalan taleyinə işıq salınır və onların hər biri dövlətimiz tərəfindən öz qiymətini alır. Natiq Qasımov kimi...

Milli ordumuzun yaradılması günü bu ordunun əsgərinə verilən dəyəri bütün xalq minnətdarlıq hissi ilə qarşıladı. Hər bir azərbaycanlının övladı olan, ərazi bütövlüyümüz, torpaqlarımızın azadlığı uğrunda mübarizə apararaq həyatını itirən Natiq haqqında bu yüksək dəyərə elə hər bir azərbaycanlı ailəsində böyük sevinc yaşandı. Və istər-istəməz Xocalı faciəsini xatırladıq. Xəyalən o illərə qayıtdıq. Soydaşlarımızın bir gecənin içində başına gətirilən min bir əzab-əziyyəti xatırladıq. Və Natiq kimi igidlər haqqında əsaslı məlumatlardan sonra bu vəhşiliyi illərdir ki, boynuna almayan ermənilərin qəddar, amansız düşmən olduqları bir daha təsdiqlənir və dünya ictimaiyyətinə də bunun şahidi olur.

Natiq Qasımov könüllü şəkildə Xocalıya köməyə getmişdi. O, əsgəri xidmətini SSRİ silahlı qüvvələrində keçmiş, Vətənə qayıtmış, işləməyə başlamışdı. Xocalı hadisəsi baş verən gün bu acı xəbəri televiziya vasitəsilə almış və dərhal Xocalıya yollanaraq soydaşlarımıza kömək göstərmək istəmişdi.

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayır. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilmir.

Bu barədə Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfər Cəfərovun dedikləri: Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar, sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar, sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda oradan səs gəldi. Mən tez azərbaycanlı olduğumu dedim. Onu da dedim ki, əgər o təslim olmasa, 22 nəfər xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki, ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.

Bundan sonra Natiqin başına gələnləri isə ermənilər uzun illər boyu boyunlarına almasalar da, lakin sonradan etiraf edənlər olub. Onun bayrağı sinəsinə sıxıb dünyadan köçməsini görənlər olub.

Natiq əsgərlikdən sonra ailəsi ilə birlikdə yaşadığı Mingəçevir şəhərində film mexaniki kimi çalışırdı. O, nə bilərdi, nümayiş etdirdiyi onlarla filmdən biri də illər sonra onun haqqında çəkiləcək. Həm də bu filmin ssenari müəllifi, rejissoru da özü olacaqdı. Xocalıda real həyat hadisələri fonunda öz həyatından elə bir film çəkəcəkdi ki, bu film düz 32 il sonra Milli Qəhrəman adı alacaqdı.

***

Yazını yazarkən yeni bir xəbərlə də qarşılaşdım: Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 31 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Hörmət Baratovun nəşinin qalıqları ailəsinə təhvil verilib. Bakıdakı İkinci Şəhidlər xiyabanında naməlum şəhid kimi torpağa tapşırılan şəhidin qalıqları bu gün anadan olduğu Xaçmaz rayonunun Nərəcan kəndinə gətirilib, kənd qəbiristanlığında torpağa tapşırılıb. Burada onunla vida mərasimi keçirilib.

Budur, dövlətimiz torpaqlarımızı işğaldan azad etdiyi kimi, daşı daş üstündə qalmayan qədim ata-baba yurdlarını abadlaşdırıb soydaşlarımıza qaytardığı kimi, bu torpaqlar uğrunda mübarizə apararkən həyatını itirmiş şəhidlərimizi də geri qaytarır. Həm də İkinci Vətən müharibəsinin şəhidləri kimi, Birinci Vətən müharibəsinin şəhidlərini də.

Deyirlər, gözü yolda qalmaqdan çətin heç nə ola bilməz. Övladının harada olmasından xəbərdar olan ailələrə bu, dövlətimizin ən böyük qayğısıdır. Bu qayğı tək şəhid ailələrinə deyil, ümumilikdə Azərbaycan xalqına göstərilən sayğıdır.

Mətanət Məmmədova

Digər xəbərlər