PDF Oxu

Siyasət

  • 1 748

Uğurlu sosial siyasət TƏHLİL

Uğurlu sosial siyasət TƏHLİL

Yeni reallıqlar yaratmış müstəqil Azərbaycan özünün inkişaf dövrünü yaşayır. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilir. "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub", - deyə Prezident çıxışlarının birində bildirmişdir.

İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi islahatlar sosial sahədə əhəmiyyətli dərəcədə uğurlara səbəb olub. Təbii ki, bu inkişafın təməlində Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. Ölkə rəhbərinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini əhatə edir.

2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində demişdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm". 20 ildən artıq bir zamanda deyilən bu fikirlər uğurla reallaşdı. İqtisadi və hərbi gücünü daim artıran, qarşısına qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləyən, bu yolda böyük nailiyyətlərə, qələbələrə imza atan Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrildi.

SOSİAL RİFAHIN YÜKSƏLDİLMƏSİNDƏ ARDICIL TƏDBİRLƏR

Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Əlbəttə ki, həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

ŞƏHİD AİLƏLƏRİ, MÜHARİBƏ İLƏ ƏLAQƏDAR ƏLİLLİYİ OLAN ŞƏXSLƏR 6 050 MƏNZİL VƏ FƏRDİ EVLƏ TƏMİN OLUNUB

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. Dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilib. Belə ki, şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Müharibə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 348 min xidmət göstərilib.

Bütün bunlar əlbəttə ki, Azərbaycanın sosialyönümlü ölkə olduğunun isbatıdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər