Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyun ayının 21- də “Euronews” telekanalına müsahibə verib. Müsahibə zamanı bir çox məsələlərə toxunan cənab Prezident bərpa olunan enerji, milli enerji şəbəkəsinin gücləndirilməsi, ötürmə xətləri barədə, həmçinin COP29-la bağlı fikrirlərini bildirmişdir.
Cənab Prezident qeyd etmişdir ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu nöqteyi-nəzərdən bir çox şirkətlər bizimlə sıx əməkdaşlıq edir. “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır.
Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.
Daha sonra 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili olduğunu əsas gətirən cənab Prezident qeyd edib ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir.
Cənab Prezident müsahibə zamanı onu da vurğulamışdır ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycan COP-29-a ev sahibliyi edən ölkə kimi yer kürəsində ekoloji tarazlığı bərpa etmək üçün dövlətlər arasında birlik və həmrəylik yaratmağa çalışır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Cənab Prezident “Evronews” telekanalına verdiyi müsahibə kütləvi informasiya vasitələrində geniş yayımlanıb və müsahibədə səsləndirilən fikirlər maraqla qarşılanıb.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini