Siyasət

  • 1 198

“Azərbaycan perspektivi yalnız əməkdaşlıq mühitində görür“ - DEPUTAT ŞƏRH ETDİ

image

“Azərbaycan Respublikası bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali konstitusion niyyət kimi bəyan edib. Biz ümumbəşəri dəyərlərə sadiqik və perspektivi yalnız əməkdaşlıq mühitində görürük. Möhtərəm Prezidentin ötən iki gün ərzində keçirdiyi yüksək səviyyəli görüşlər də ilk növbədə bu niyyətlərin ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat vurğulayıb ki, Azərbaycanın heç bir ölkə və təşkilatla əməkdaşlığı üçüncü tərəflərə qarşı yönəlməyib, lakin eyni zamanda bütün tərəfdaşlıq platformalarında Azərbaycanın milli mənafeləri ən yüksək səviyyədə qorunub: “İki gün öncə İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətinin cənab Prezident tərəfindən qəbul edilməsi də məhz qeyd edilən siyasətin davamıdır və indiki halda Bakı və Roma arasında ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başlaması fonunda münasibətlərimizdə yeni səhifənin açıldığını göstərir.Habelə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın Bakıda dövlət başçımız tərəfindən qəbul edilməsi isə Azərbaycanın qlobal maliyyə seqmentində alternativ imkanlara malik güc kimi rolunun ifadəsi idi. Belə ki, cənab İlham Əliyevin özünün də dediyi kimi, Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman Asiya İnkişaf Bankı bu maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirmişdi. Bu mənada, Azərbaycan Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davam etdirilməsini vacib hesab edir və bu məqsədlə yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyi dövlət başçısı tərəfindən də vurğulandı”.B.Məhərrəmovun sözlərinə görə, BMT Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonun qəbul edilməsi isə Azərbaycanın COP29-a ev sahibliyi etməsinə dair qlobal iradənin və Azərbaycana yüksək etimadın daha bir göstəricisi oldu: “BMT rəsmisinin də ifadə etdiyi kimi, ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. Bütün bunlar deməyə əsas verir ki, cənab Prezidentin də ifadə etdiyi kimi, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək”.

Ləman Sərraf

Digər xəbərlər