Siyasət

  • 951

YENİ TARİF:TƏRİF, TƏNQİD VƏ GERÇƏKLİK... ŞƏRH

image

Bəlli olduğu kimi, Tarif Şurası yeni qərarlar qəbul edib; artıq mətbu, ictimai müzakirələr aparılır. Əlbəttə, könül istər, gün olsun, bütün xidmətlərlə bağlı ödənişlər ən minimum səviyyəyə ensin yaxud əhalinin ödəmə qabiliyyəti ən yüksək səviyyəyə qalxsın; ancaq “bu, şairanə bir söyləmdir” deyə bilərsiniz; hansısa ölkədən və ya hansısa dönəmdən misal çəkə, öz fikrinizə arqument araya bilərsiniz. Ancaq biz bir neçə məqama özəlliklə vurğu etməliyik deyə düşünürüm. Bunun birincisi, psixoloji, hətta siyasi (başqa sözlə, zamanlama ilə bağlı) məsələdir. Özünüz düşünün: ölkə seçkilərə getdiyi bir vaxtda iqtidar belə bir qərar qəbul edirsə, bu, illa zərurəti, illa dürüst iqtisadi əsaslandırmanı ifadə etməzmi? Əksini düşünmək nə dərəcədə sağlam olardı? İkincisi, axı yalnız qiymət artımından söhbət getmir, eyni zamanda enən, müsbət ovqat yaradan tənzimləmələr də vardır.

Digər məsələ - müqayisələr hər nə qədər qüsurlu olsa da, lütfən yadımıza salaq: illər öncə kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçid barədə qəti qərar verilincə necə bir hay-küy qopmuşdu? – Zaman nəyi sübut etdi? – Bəlkə, ilk günlər, aylar hansısa qayğılar oldu amma keçib getdi və verilən qərarın doğruluğu hər keçən ay, il içində bir daha göründü. Hələ də kiril və latın qrafikalı əlifbalardan paralel istifadə edən türküstanlı qardaşlarımızı düşünün... El sözü ilə desək, irin-kirindən qurtulmaq lazımdır. Yaxud: işğalçılara münasibətdə hərb yolunun qəti şəkildə seçilməsi, sonra ekofəalların aksiyası, Həkəri körpüsü üstündə DSX postu qoyulması, Xocalıda, Yevlaxda danışıqlar aparılması... ard-arda əldə edilən parlaq nəticələr və o vaxtlar bəzi dairələrin uyğunsuz rekasiyaları yadınızdadırmı? – “Ağıllı-ağıllı” danışır, məsləhət verirdilər ha, bəs axırı nə oldu?

Yenə deyirəm, qiyaslamalar qüsurlu ola bilər, əsas məsələnin məna-mahiyyətidir, psixoloji məqamdır – mən də onu çatdırmağa çalışıram (qüsur varsa, necə deyərlər, qüsura baxmayın). Əgər Dövlət baba bir qərar qəbul etdisə, onu müvafiq yetkili qurum və şəxslər yorumladı və o qərarın qəbulunu izah etdisə, hansısa, şübhə toxumu axtarmağın bir dərinliyi, üfüqü yoxdur, sanıram. Vurğuladığımız kimi, bu qərar parlament seçkiləri haqqında qərar verildikdən sonra, üstəlik, COP29 kimi önəmli beynəlxalq tədbirə sayılı həftələr qalarkən verilib. Demək, belə olmalıdır, belə olması uyğun görülüb və bu qərarın ümumi xeyri şəxsi qəpik-quruş ziyanların illa ötəsində olacaq.

Ayrıca, bu il “Yaşıl Dünya naminə Həmrəylik İli”dir – ekoloji aspekti unutmayaq. Biz köhnə avtomobillərdən, havaya daha çox ziyan vuran yanacaqlardan mərhələ-mərhələ qurtulmalıyıq ya yox? COP29-un gözlənilən çağırışları nədir? – təsəvvür etmək elə də çətin deyil. – Çətin deyil, qəbul edək ki, alternativ enerji, daha üstün ekoloji xidmətlər, təbiətin qorunması və təbii ehtiyatlardan düzgün istifadə olunması kimi məsələlər COP29-un olmazsa olmazlarındandır.

Bəli, ətraf mühitin çirklənməsinin böyük bir bölümünü avtomobillərdən zəhərli qazların ayrılması təşkil edir. Çünki çağdaş standartlara uyğun olmayan yanacaqlardan istifadə edirik; ona görə də, havanın çirklənməməsi üçün əsas hədəflərdən biri elektromobillərə keçidi sürətləndirməkdir. – Qərar alternativlərdən ən yaxşısının seçilməsidir. Təsadüfi deyil ki, onlarla ölkədə “Aİ-92” markalı benzinin istehsalı artıq dayandırılıb və satışdan çıxarılıb; habelə, dizelin daha böyük ekoloji zərəri göz önündə tutularaq, dizel istehlakının azaldılması üçün tədbirlər tökülür. Dizelin benzindən baha satılması bir çox ölkədə tənzimləmə metodu kimi qəbul edilib. Avropa Birliyi ölkələrində benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalının (və qeydiyyatının) 2035-ci ildə dayandırılması planlaşdırılır. Artıq “Aİ-92” markalı benzini istifadədən çıxarmış ölkələr var. Uzun sözün qısası, iri istehsalçıların “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi üstün tutmaları təsadüfi deyil. – Bu barədə qərarı Azərbaycanın Tarif Şurası vermir və beynəlxalq birlik bu mövzunun bizimlə razılaşdırmır. Bu, gerili durulması mümkünsüz bir işdir. Beləliklə, beynəlxalq birliklə ayaqlaşmaq, ən azından ayaqlaşmağa cəhd etmək lazımdır; daşımaçılıqda emissiyaların çevrəyə olumsuz təsirinin azaldılması, yanacağın keyfiyyətinin artırılması lazımdır.

Bəlli qiymət dəyişikliyinin yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcəyi gözlənilir. Hətta qiymət artımını “ziyan” saysaq, “hər ziyanda bir xeyir var” el misalını unutmayaraq, deyə bilərik ki, yanacağın keyfiyyətinin yüksəldilməsi avtomobillərin təmirinə çəkdiyimiz xərclərin azaldılmasına gətirib çıxaracaq.

Yuxarıda, psixoloji məqama vurğu etmişdik; bir başqa psixoloji məqam daha var: bu da, yanacağın qiymət artımının ilkin vaxtlarda psixoloji olaraq, dükan-bazarda qiymət artımına gətirməsi ehtimalı ilə bağlıdır; məhz bu ehtimal göz önündə tutularaq, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. – Bu, mənim fikrim deyil, artıq rəsmi olaraq duyurulub.

“Yaşıl Dünya naminə Həmrəylik İli” içində olan, “COP29”-un evyiyəsi olan ölkə üçün ekologiyanın, təbiət mövzusunun ən aparıcı mövzu olacağı aydındır və qəbul ediləndir. Bu anlamda, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirməsi xidmətləri üzrə tariflərə baxılmasını da anlayışla qarşılamaqda yarar vardır. Sözügedən sahədə tariflər sonuncu dəfə 13 il öncə müəyyən olunmuşdu. Ötən illər içində şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi üçün konteynerlər yerləşdirilib, eləcə də, tullantıların yığılması, daşınması üçün vasitələr yenilənib. Həmin tariflər əsasında ödənişlər xidmətlə bağlı xərcləri qarşılamadığı üçün bu sahəyə dövlət büdcəsindən subsidiya ayrılırdı. – Bəlkə, çoxumuz bunu bilməmiş ola bilərdik. Onu da bilməmiş olardıq ki, aşağı tariflər bu sahəyə özəl sektorun ilgisizliyinə səbəb olurdu. Büdcədən önəmli dərəcədə asılılıq dövlət tənzimlənməsini təkmilləşdirmə siyasətinin özünə tərs düşürdü.

Bəs yeni tariflər hansı imkanları yaratmış olacaq? – İlk növbədə, dövlət büdcəsindən asılılıq azalacaq; dayanıqlı və keyfiyyətli xidmət göstərilməsi və s. stimullaşmış olacaq; bir qədər öncə vurğuladığımız kimi, özəl sektorun bu sahəyə ilgisi sövq-təbii artacaq.

Tənzimləmələrin bir qolu dərman vasitələrinin qiymətinə aiddir. Bax, bu sahənin özü, ciddi sosial önəm daşıyır. Tarif Şurası yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiq edib; habelə etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Eləcə də, ölkəmizdə bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri yuxarı hədd səviyyəsində təsdiq edilir.

Bu nə deməkdir? –

O deməkdir, dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər; alıcını cəlb etməkçün yəni rəqabət ortamı yaranmış olacaq.

Sonda,

ictimai və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflərin yenilənməsinə barədə:

- Öncəki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və daşıma vasitələrinin daim saz durumda saxlanmasına imkan vermirdi. “BakuBus”dan, Bakı Metropolitenindən, Dəmir Yolu xidmətindən, AZAL-dan şikayətləri yadımıza salaq...

Bəs yeni tariflərin yaratdığlı imkanlar nədir?

1. Xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin təmin olunması, eləcə də, keyfiyyətin yüksəldilməsi;

2. İstehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması;

3. Avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi;

4. Vətəndaş məmnuniyyətinin təmini; ictimai nəqliyyatdan daha rahat yararlanmağa səbəb olan yeni yatırımların cəlbi. (Məsələn, ictimai nəqliyyat daha əlverişli olarsa, vətəndaş niyə daha çox ödəniş edib, taksi xidmətinə müraciət etsin ki?)

5. Ardıcıl, davamlı şəhərdaxili və şəhərlərarası avtobus marşrutlarının stimullaşdırılması və s.

“Yaşıl Dünya naminə Həmrəylik İli” içində 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub;

avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və önəmli daşıma dəhlizlərini çevrələyən zəncirvari şəbəkənin təşkili üçün 2024-cü ildə daha 31 küçə və prospekt üzrə 44 km uzunluğunda avtobus zolaqlarının təşkil ediləcək;

metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlərin davamı olaraq, 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonunadək Bakıya gətirilməsi nəzərdə tutulur.

Nəhayət:

Bütün bu və bənzəri yeniliklərin tətbiqi, işğaldan qurtulmuş ərazilərimizdə “Böyük Qayıdış” çərçivəsində məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli daşımaçılıq infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcəkdir.

Əlbəttə, gələcəkyönümlü çalışmalar var, olmalıdır, bununla belə heç də hər şey gələcək zamana buraxılmayıb; indiyədək də önəmli addımlar atılıb, yeni işlər üçün zəmin yaradılıb.

Məsələn,

xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşınmanı təmin etmək məqsədilə paytaxtın 21 küçə və prospektində 65 km uzunluğunda avtobus zolaqları təşkil edilib;uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər yönündə yeni avtobuslar istismara verilib və bu proses davam edir;son bir il içində sərnişindaşıma sahəsində aparılan islahatla metro və avtobuslarla sərnişin daşınmaları 15%-ə yaxın artıb;düşmən işğalından azad edilmiş ərazilərimizdə tikilmiş Füzuli və Zəngilan aeroportları da hava daşımaçılığı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib (yaxın aylarda Laçın (Qorçu) aeroportu da dövriyyəyə girmiş olacaq; inşallah Xocalı aeroportu ilə bağlı da ən uyğun qərar veriləcəkdir);

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Digər xəbərlər