Siyasət

  • 565

"Mən indi başa düşürəm ki..." - TƏHLIL

image

İctimai fəaliyyəti ilə nümunəyə çevrilən, zərif qəlb, zərif hisslərlə böyük əməllərə imza atmaq daxili aləminin zənginliyinin ifadəsi olmaqla yanaşı, istedadlı ziyalı olduğunu da bruzə verir. Əlbəttə ki, əməl və istedad vətənə sevgi ilə köklənmiş hisslərin vəhdətində daha mükəmməl bir şəkildə özünü ortaya qoymuş olur. Fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də geniş coğrafi məkanda tanınan Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva qısa bir zaman məsafəsində yaşıdlarına örnək olaraq öz isminin ətrafında ən gözəl ifadələri cəm edərək cəmiyyət üçün nə qədər faydalı olan işlərin müəllifi olduğunu göstərə bilib.

"Düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa, ona nail olacaqsan", - deyən Leyla Əliyeva inam və arzularını gercəkləşdirib. Təbii ki, arzu tükənməz bir hissdir və insan var olduqca arzuları tükənmək bilmir. Fəaliyyəti ilə gənclərə, yaşıdlarına örnək olan Leyla xanım öz düşüncəsi, intellektual səviyyəsi ilə nümunəyə çevrilərək, məsuliyyət anlayışını unutmur. Ən müqəddəs məfhumlar qarşısında: ata, ana, vətən qarşısında olan müqəddəs borcun yerinə yetirilməsi, reallaşması insana ən qədər xoşbəxtlik hissini yaşadır. Təbii ki, müqəddəs borc və vəzifələrin yerinə yetirilməsində ailədə, cəmiyyətdə insanın necə formalaşması önəmlidir.

"MƏN İNDİ BAŞA DÜŞÜRƏM Kİ, NƏ QƏDƏR BÖYÜK BİR İNSANA YAXIN OLMUŞAM VƏ NƏ QƏDƏR BÖYÜK BİR İNSANLA SÖHBƏTLƏRİM OLUB"

"İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik", - deyir Leyla Əliyeva. Çox gənc yaşından böyük məsuliyyətləri üzərinə götürmək cəsarət və potensil, istedad tələb edir ki, Leyla xanım bu keyfiyyətləri özündə hiss etmiş, görmüşdü. Axı kiçik yaşlarından doğulduğun mühit səni gələcəyə doğru addımında önəmli faktordur. Ulu Öndər Heydər Əliyev kimi müdrik Şəxsiyyətin ailəsində böyüyən və bu nəslin təmsilçisi olan Leyla xanım öz əməli fəaliyyəti ilə seçilməli idi. Prinsipial mövqeyini ortaya qoymalı idi.

Müsahibələrinin birində ona verilən "Heydər Əliyev həyatınızda sizə ən çox kömək olan hansı məsləhəti vermişdi" sualına "Mən indi başa düşürəm ki, nə qədər böyük bir İnsana yaxın olmuşam və nə qədər böyük bir İnsanla söhbətlərim olub", - deyə cavab vermişdi.

"Hətta Onunla beş dəqiqə söhbət edənlər belə Ondan çox qiymətli dərs ala bilirdilər", - deyən Leyla xanım bildirib ki, Onu hər gün görürdüm: "Bu, heç nə ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi. O, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən". Əlbəttə ki, bu fikirlər bir daha göstərir ki, Leyla xanımın həyat məktəbinin təməli doğulduğu mühitdə qoyulub. Bu mühit onu gələcəyə doğru inamla aparıb.

Təbii ki, Leyla xanımın yetişdiyi mühit qısa bir zamanda onun uğurlar qazanmasına səbəb oldu. Onun tərcümeyi-halına nəzər salsaq bunun şahidi olaraq. Belə ki, 3 iyul 1984-cü ildə anadan olan Leyla Əliyeva orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbinə (ESB) daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.

Tələbəlik illərindən başlayaraq Leyla xanım Əliyeva ictimai fəaliyyət ilə məşğul olub. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Elə həmin il dekabrın 19-da Moskvada "Baku" jurnalını təsis edib. 2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru vəzifəsinə təyin olunub. 2009-cu il aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib. 2010-ci ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub. 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsini icra edir. Həyata keçirdiyi layihələrin hər birində böyük ideyalar dayanır. "Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm",- Leyla xanım deyir.

"HƏYATIMIZI NƏİNKİ SAĞLAM, HƏM DƏ MARAQLI VƏ RƏNGARƏNG EDƏN NƏ VARSA, HAMISININ QORUNUB-SAXLANMASINA BİRGƏ TÖHFƏ VERMƏLİYİK"

Müasir dünyamızı narahat edən məsələlər sırasında ətraf mühitin, planetimizin qorunması yer alır. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr ətraf mühitlə bağlı problemlərin həllində maraqlıdırlar. Dünyada yaşayan insanlar ekoloji problemlərə xüsusi önəm verərək planetimizə görə məsuliyyət daşıyırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq kampaniyasının təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr sırasında planetimiz üçün əhəmiyyətli olan amillər də diqqətdə saxlanılır.

Leyla Əliyeva IDEA İctimai Birliyinin sədri olaraq təbiətin qorunması istiqamətində bir sıra layihələrə imza atıb. İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Bu kampaniya çərçivəsində BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilib. Müasir dövrümüzdə ekologiya və ətraf mühitin qorunması vacib məsələlərdən olduğundan, ekoloji problemlərin nəticələri diqqətdədir. Leyla xanım Əliyevanın, müsahibələrinin birində dediyi kimi, biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa, hamısının qorunub-saxlanmasına birgə töhfə verməliyik.

"Hər bir insan təbiəti sevməli və ona qayğı göstərməlidir", - deyir Leyla Əliyeva. Təbiəti sevməməyin mümkün olmadığı qənaətindədir: "İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir". Belə prinsiplə ekolji mühitin qorunmasına çalışaraq kifayət qədər layihələrin müəllifinə çevrilib. Bu, "Bir planet - bir gələcək" devizini bir daha təsdiq edir.

İDEA Azərbaycanda "Böyük Qafqaz beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. "Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq", - deyərək ovçuluğun bütün dünyada mövcudluğunu dilə gətirib: "Bu, qəbul ediləndir və bəzən hətta faydalıdır. Lakin adları "Qırmızı kitab"a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır".

Ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə 2012-ci ildən etibarən IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının bərpasına nail olunub.

Leyla Əliyeva çıxışlarının birində bildirib ki, dünyanın müxtəlif hissələrində iqlim dəyişikliyi, karbon qazı tullantılarının artması, atmosferə atılan istixana qazlarının artımı, okean dəyişkənlikləri, quraqlıqlar və digər humanitar problemlərdən əmələ gələn ekoloji problemlərə gənc nəsil laqeyd qala bilməz. Heydər Əliyev Fondunun vitse-prezidentinin təşəbbüsü ilə yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edilir. IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sahilyanı təmizlik aksiyaları dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək idi. "Sahillər təmiz qalsın" şüarı altında keçirilən təmizlik aksiyası böyük əhəmiyyətə malikdir.

"TƏBİƏTİN GÖZLƏMƏK ÜÇÜN VAXTI YOXDUR"

IDEA İctimai Birliyinin təşkilatçılığı ilə "Bizim həyət" layihəsi reallaşıb. Layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Leyla xanım Əliyeva çıxışlarının birində bildirib ki, bu məsələləri hələ sinif otaqlarından tədris etmək lazımdır. Təbii ki, təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Bu baxımdan, insanlara belə fikirləri aşılamaq lazımdır. "Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik", - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə edib.

Yaşıllıqların şəhər ətrafındakı insanların sosial həyatı və sağlamlığı üçün faydasını nəzər alaraq, Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən Bakının abadlaşdırmaya ehtiyacı olan həyətləri, parkları və meydançaların bərpasına, yaxşılaşdırılmasına yönəlmiş "Bizim həyat" layihəsi həyata keçirilir. Layihə başlayandan etibarən vətəndaşların müraciətləri nəzərə alınaraq tədbirlər həyata keçirilir. İnsanların abad yerdə, açıq havada vaxt keçirməsinə şərait yaratmağa öz töhfəsini verir. Paytaxtımızin bir çox yerlərində abadlaşan həyətlər insanların rahatlığının və istirahətinin təminatından mühüm əhəmiyyətə malikdir. Nərimanov, Yasamal, Binəqədi kimi rayonlarının bəzi yerlərində "Bizim həyat" layihəsi çərçivəsində həyətlər abadlaşıb. Abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazilərdə söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması üçün görülən işləri insanlar məmnunluqla qarşılayırlar. Əlbəttə ki, görülən işlər ətraf mühitin təmizlənməsinə, ekoloji təmizliyə xidmət edir. Leyla Əliyeva fəaliyyətində ətraf mühitin mühafizəsinə, planetimizin üzləşdiyi ekoloji təhlükənin aradan qaldırılmasına davamlı olaraq töhfələr verir. İDEA-nın reallaşdırdığı layihələr sırasında "Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!" devizi ilə ağacəkmə aksiyası çərçivəsində çoxlu sayda eldar şamı, kiparis, şərq çinarı və digər ağaclar əkilib.

"Təbiəti incitsək, bununla biz, ilk növbədə, özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi, ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür", - deyə Leyla xanım bildirib.

RAGT - XALQLARIN, İNSANLARIN QARŞILIQLI SEVGİSİ

Rusiyanın azərbaycanlı gənclərinin təşkilatlanmasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) xüsusi rolu var. RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim edir və Azərbaycanın məxsus olduğu dəyərlər Rusiyada nümayiş olunur. Rusiyanın bir sıra şəhərlərində azərbaycanlı gənclər klubları fəaliyyətdədir. Belə ki, Moskvada, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda yerləşən təşkilatlar gənclərin həyatının bütün istiqamətlərini əhatə edir. Təhsil, idmanla yanaşı, RAGT sağlamlığa və sağlam həyat tərzinə də böyük diqqət ayırır. "Qanının milləti yoxdur" aksiyası çərçivəsində qurum könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan veriblər. RAGT, həmçinin, "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" aksiyasının təşkilatçısıdır.

Gördüyü işlər və həyata keçirilən layihələr nəticəsində RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətləndirilir. Qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfələrini verir. Hər bir işin əsasında ən əsası səmimi, saf və insani münasibətlər dayanır. Leyla xanım müsahibələrinin birində onun bu qədər fəal, uğurlu təşkilat olacağını gözləmədiyini bildirmişdi:"RAGT Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Amma bu, eyni zamanda həm də sevgi - xalqların, insanların qarşılıqlı sevgisi deməkdir. Həqiqətən də, azərbaycanlı gəncləri bir araya gətirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına və Azərbaycan mədəniyyətini Rusiyada layiqincə təmsil etməsinə köməklik göstərmək mümkün oldu". Onu da qeyd etmişdir ki, biz, gənclər fəal insanlarıq: "İstəyirik ki, yaşıdlarımız arasında bizə tələbat, ehtiyac olduğunu dərk etməklə yanaşı, həm də özümüzü cəmiyyətə, ölkəyə, dünyaya faydalı insanlar kimi hiss edək. Bu sözlər bir qədər gurultulu və pafoslu səslənsə də, təşkilatın yaradılması ideyası bu cür əmələ gəlmişdir".

Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ etmək, Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini, xalqımızın qəhrəmanlıq tarixini, onun coğrafi-ərazisini tanıtmaq baxımından həyata keçirdiyi layihələr həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında bir vasitəçi və ötürücü oldu. "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya ölkələrində soyqırımına həsr olunmuş silsilə tədbirləri reallaşdırdı.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" rep üslubunda yazılmış mahnı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə oldu. Bu gün onun təşəbbüsü ilə Koreya dilində Xocalı soyqırımı haqqında sayt fəaliyyət göstərir. Saytda Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımına aid məlumatlar, foto və videomateriallar yerləşdirilib. "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində dünyanın bir sıra ölkələrində və ABŞ-ın ştatlarında Xocalı qətliamı soyqırımı kimi tanınıb. Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın onlarla ölkəsində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Eyni zamanda, faciə qurbanlarının xatirəsinə abidələr ucaldılıb.

Leyla xanımın gördüyü böyük işlər diqqətdən kənarda qalmayıb. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, "Key to life" fəxri mükafatına layiq görülüb. 22 noyabr 2011-ci ildə BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb. 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. Həmin il Leyla Əliyeva III dərəcəli "Knyaginya Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub.

2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Xoşməramlı Səfiri adına layiq görülüb. 2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif edilib. 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb. Bu mükafatların sayı kifayət qədərdir. Hər biri də əməli fəaliyyətin qiymətidir.

"UĞURLU ALINMIRSA, ONDA İLHAM PƏRİSİNİ GÖZLƏMƏK LAZIM GƏLİR"

Gördüyü işlərdən yorulmaq bilmədən çalışır. Rəsm əsərləri, şeirləri onun mənəvi dünyası ilə söhbətidir, desək yanılmarıq. "Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir - nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir", - deyir Leyla Əliyeva. İşinin gərgin olmasına baxmayaraq, ailəsinə də diqqət ayırmağı arxa plana salmır. "Mənim üçün övladlarım və ailəm hər şeydən vacibdir", deyir Leyla Əliyeva. Aldığı dərsi öz övladlarına ötürməyi diqqətdə saxlayır: "Mən övladlarıma valideynlərimin mənə verdiklərini vermək istəyirəm. İstəyirəm ki, onlar daim məhəbbət və qayğı içində böyüsünlər. Bu, ən vacibidir. Dünyanın müxtəlif ölkələrinə saysız-hesabsız səfərlər etməli oluram. Bu zaman övladlarımı da özümlə aparıram. Ona görə də darıxmıram. Vaxtı isə tapmaq mümkündür. Əsas odur ki, hamı sağlam olsun".

Müsahibələrin birində Ona ünvanlanan "Uşaqlıqdan öyrədilməsi zəruri olan tərbiyənin və təhsilin əsasları hansılardır?" sualına gəlincə isə Leyla Əliyeva belə cavablandırıb: "Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır. Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər