Siyasət

  • 509

Milli maraqlara və gələcək inkişafa hədəflənən təşəbbüs - ŞƏRH

image

Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı irəli sürülən təşəbbüs sözün əsil mənasında ölkəmizdə yaranmış yeni tarixi reallıqlara uyğun olaraq gələcək inkişafımıza xidmət edən növbəti bir addımdır. Bu bir danılmaz faktdır ki, tarixi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.

Belə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir. Nəhayət qarşıya qoyulan mühüm hədəflərə doğru atılan qətiyyətli adddımlar nəticəsində Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda tam yeni geosiyasi konfiqurasiya yarandı, ölkəmizin obrazı yeniləndi və ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu, 44 günlük Vətən Müharibəsi və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bunun nəticəsi kimi bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Bütün bu möhtəşəm tarixi hadisədən sonra ölkədə yaranmış yeni ictimai-siyasi vəziyyət bir sıra mühüm proseslərin reallaşdırılmasına imkan verdi. İlk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri-Zəfər seçkiləri keçirildi.

Otuz ildən sonra işğal altında olan ərazilərdə seçicilər səsvermədə iştirak edərək, vətəndaşlıq borclarını yerinə yetirdilər. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Öncə onu demək lazımdır ki, bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək, vətəndaşlarımız artıq məcburi köçkün kimi deyil, yerli sakin kimi öz ata-baba torpaqlarında səs verəcəklər. İlk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi ölkə bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bir daha bariz nümünəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini bütün dünyaya nümayiş etdirəcək.

Konstitusiyamıza görə parlament seçkiləri bu ilin noyabr ayının ilk həftəsində keçirilməli idi. Məhz, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinin növbədənkənar olmaqla vaxtının önə çəkilməsi təşəbbüsünü irəli sürməsi gələcəyimiz üçün daha vacib, daha əhəmiyyətli məqsədlərə çatmağa hədəflənmişdir.

Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un keçirilməsinin noyabr ayına təsadüf etməsidir. İstər Azərbaycanın, istərsə də Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında strateji əhəmiyyətə malik belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın və böyük hörmətin göstərisidir. Digər tərəfdən ölkəmizin üzərinə böyük məsuliyyət də düşür. 80 minə yaxın əcnəbi qonağın Azərbaycana təşrif buyuracağı və qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un yüksək səviyyədə keçirilməsi zəruriyyətini ortaya qoyur. Əlbəttə, Azərbaycan bir sıra qlobal səviyyəli tədbirləri uğurla həyata keçirməsi ilə tanınır və böyük təcrübəyə malikdir.

Bununla belə, mühum əhəmiyyət daşıyan parlament seçkilərinin və qlobal xarakterli tədbirin eyni vaxtda keçirilməsi məqdəuyğun olmazdı. Eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcəyi nəzərə tutulur. Təbii ki, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək və paytaxtımız minlərlə qonağı qəbul edəcək. Böyük təbliğat platformalarına çevriləcək bu tədbirlərin Bakıda keçirilməsi sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və postmüharibə reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına şərait yaradacaq. Bütün bunlar daha yaxşı hazırlıq tələb edir və hazırlığın digər ictimai-siyasi proseslərlə paralel aparılmamasını şərtləndirir.

Sözsüz ki, milli maraqlarımıza və ölkəmizin gələcək inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı təşəbbüsünün bütün millət vəkilləri tərəfindən dəstəklənməsi də milli həmrəyliyimizdən xəbər verir, xalqımızın daha xöşbəxt gələcəyinə və Azərbaycanın gücünün, qüdrətinin daha yüksələcəyinə əminlik yaradır.

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər