Siyasət

  • 526

"Zəngilan" tankeri: üçrəngli bayrağımız altında beynəlxalq sularda - TƏHLİL

image

Yeni reallıqlar yaratmış Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, eləcə də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli xarakterli addımlar atır.

Ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasətin məntiqi olaraq Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

Təbii ki, ölkəmizdə reallaşan tədbirlər, həyata keçirilən islahatlar bütövlükdə Azərbaycanın iqtisadi sahədə dinamik inkişafının nəticəsidir. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. Bu gün hər bir sektorda, o cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə olunur. Əlbəttə ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət dayanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib. Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilib. Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyevin indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var.

BƏRPA OLUNAN TARİXİ ƏDALƏT

Azərbaycanın güclü və müasir ordusu 44 günlük Vətən müharibəsində düşmənə gücsüz olduğunu və özgə torpağında hökmranlığının bir gün sona yetəcəyini göstərmiş oldu. Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri uğurla həyata keçirərək, düşmənə məğlubiyyəti yaşatdı. Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxsa məğlub olmaları qaçılmaz idi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmış, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması, münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.

"TƏHLÜKƏSİZLİK, RAHATLIQ, RİFAH, MƏŞĞULLUQ VƏ GƏLƏCƏK İNKİŞAF"

İşğal dövründə bütün erməni təcavüzkarları 30 ilə yaxın zamanda bütün əraziləri darmadağın etmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımız azad olundu, həsrətə son qoyuldu. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Nəhayət, həmin günə şahidlik etdik. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident insanlara, oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını çıxışlarının birində bildirmişdi: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Belə də oldu.

Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Artıq Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Zəngilanda görülən işlər bunu deməyə əsas verir. Beynəlxalq hava limanlarının tikintisi və Füzuli və Zəngilanda Beynəlxalq Hava Limanlarının açılışı Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu, Azərbaycanın gücünün göstəricisidir.

SAYCA DÖRDÜNCÜ MİLLİ TANKERİMİZ

Bu gün isə "Zəngilan" tankeri istismara verildi. "Zəngilan" Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən "Laçın" və "Kəlbəcər" tankerlərindən fərqli olaraq, "Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi, "Zəngilan" ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı gəmiqayırma zavodunda ASCO üçün "Zəngilan" tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.

Nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik "Zəngilan"ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil "Zəngilan" tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.

Qeyd edək ki, zavodda bir Ro-Pax tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihələndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.

Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan biri yedək, üçü sərnişin, ikisi Ro-Pax tipli gəmi-bərə, dördü tanker olmaqla, ümumilikdə 10-u Bakı gəmiqayırma zavodunda inşa edilib. Həmçinin ASCO-nun Müşahidə Şurasının məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı gəmiqayırma zavoduna 11 gəminin, o cümlədən bir Ro-Pax tipli gəmi-bərə, üç tanker, 50 nəfərlik üç sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş dörd dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər verilib.

Ümumilikdə son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər Xəzərdənkənar sularda Gəmiçiliyin mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsində də mühüm rol oynayır.

XARİCİ SULARDA "ŞUŞA", "QARABAĞ", "ZƏNGƏZUR" ADLI TANKERLƏR

Bunlarla yanaşı, son bir ildə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub. 2023-cü ildə xarici sularda Azərbaycan Bayrağı altında "Şuşa", "Qarabağ", "Zəngəzur" adlı 3 "Aframax" tipli tanker istismara verilib. Cari ilin mayında isə Çində "Xocalı" adlı "Handysize" tipli bir quru yük gəmisinin istismara verilməsi ilə Gəmiçilik quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın "Bakpyung" limanından ABŞ-ın "Portland" limanına yerinə yetirilib. Gəmi artıq təyinat limanındadır və hazırda yükboşaltma əməliyyatı icra edilir. Onu da qeyd edək ki, bu səfərlə "Xocalı" müstəqil Azərbaycan Bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb. Bütün bunlar onu deməyə əsas verir ki, ərazi bütövlüyünü təmin etmiş Azərbaycan öz torpaqlarına sahibdir. Bu və ya digər tankerlərin daşıdığı adlar bizim tarixi torpaqlarımızdır və üçrəngli bayrağımızla beynəlxalq sularda üzür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər