Siyasət

  • 776

“Əgər əyilməz olsaq, biz bütün prosesi lazımi qaydada həyata keçirəcəyik“ - ŞƏRH EDİLDİ

image

"Köç prosesi ağrılı, uzun çəkən, fundamental prosesdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, biz "Böyük Qayıdış", insanların köçü, bərpa, quruculuq işləri deyəndə görürük ki, nə dərəcədə burada işdən iş çıxır: "Bu bizə əvvəldən bəllidir. Həqiqətən də, biz ermənilərin qoyduğu "irsin" acısını çox yaşayacağıq. "Böyük Qayıdış"dan sonra bir neçə yüz insanımız minalardan tələf olub. Minaların fəsadları, təhlükələri hələ bir neçə il başımız üstündə qara kabus kimi qalacaq. Amma buna baxmayaraq biz proseslərin hamısında inadkarlıq və dönməzlik göstərməliyik. Əgər əyilməz olsaq, biz bütün prosesi lazımi qaydada həyata keçirəcəyik. Əlbəttə, bu işdə dövlət başçısı Prezident İlham Əliyevin şəxsi qətiyyəti, yanaşması, konseptual gedişləri bizi inandırır ki, artıq vaxt itkisinə imkan verməli deyilik. Sirr deyil ki, böyük maliyyə tutumlu işlərdir. Texnoloji və texniki baxımdan yüngül başa gələn işlər deyil. Ancaq bu çağırışların, tələbatın qarşısında ancaq irəli getməliyik. Tədricən insanlar bərpa olunan şəhərlərə qayıdırlar. Füzuli, Laçın, Ağdam, Xocalı şəhərləri də bura daxildir, bunlar bir günün işi deyil. Süni sürətdə prosesləri tələsdirmək də olmaz. Əsas məsələ odur ki, biz tədricən hücum mövqeyindən geri çəkilməyək və yavaş-yavaş insanların köçünü təmin edək. Əsas məsələ kommunikasiyaların bərpasıdır, yolların tikilməsidir, körpülərin salınmasıdır. Yeni salınmış obyektlər, müəssisələr, yaşayış kompleksləri, yollar, körpülər hamısı ən müasir standartlara cavab verir. Bu ondan xəbər verir ki, biz 1, 10 illik deyil, əbədi oraya qayıtmışıq. Bunun üçün intellektual, insan potensialımız var. Çünki burada həm də mühəndis ideyalarına çox böyük meydan verilməlidir".“Digər tərəfdən də görürük ki, bəzi ölkələr ki, bizə dostdurlar, onlar da öz bacarıq və imkanlarını əsirgəmirlər. İldən-ilə quruculuq və bərpa işlərində iştirak edən xarici şirkətlərin həm sayı artır, həm də iştirakçı ölkələrin sıraları genişlənir. Bu da çox vacib məsələdir. Biz ermənilərdən fərqli olaraq heç kimdən heç nə xahiş etmirik. Bu qədər problemli vəziyyətin qarşısında öz gücümüz, öz bacarığımız, öz imkanlarımızla bunların hamısını həll edəcəyik. Bu, dost sıralarında da, dünya birliyi qarşısında da böyük əks-səda doğurmuş məqamdır. Faydalılıq əmsalı da gözə çarpacaq dərəcədə özünü büruzə verir. Odur ki, bu işlərin hamısı indi öz qaydası ilə davam edir. Biz bu işləri məntiqi sonluğa çatdıracağıq. İlk növbədə insanların həsrəti var, onlar qayıdışa hazırdırlar. Köç onu göstərir ki, artıq işçi qüvvəsi peyda olur. Onlar da özlərini layiqli tərzdə nümayiş etdirirlər. Bu, insanların çoxdankı arzusu idi. Biləndə ki, erməni vandalları Qarabağı yerlə-yeksan ediblər, onlar deyirlər ki, o yerlərin hamısını bərpa edəcəyik. Biz Azərbaycanın sahibləriyik, bu torpaq bizimdir. Həqiqətən də, Qarabağ Azərbaycandır!" - deyə o, əlavə edib.

Digər xəbərlər