Siyasət

  • 732

Məqsədyönlü siyasətin tərkib hissəsi

image

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.

Prezident İlham Əliyev həmin görüşdəki çıxışında da mühüm mesajlar verib, bir sıra əhəmiyyətli məqamlara toxunaraq, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin diqqətini Azərbaycanın tranzit imkanlarına yönəldib.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. “Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları ilə Azərbaycan ərazisindən keçən yük daşımaları hər il artmaqdadır. Prezident İlham Əliyevin müəllifi olduğu böyük iqtisadi platformanın bir hissəsi olan Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Beynəlxalq iqtisadi əhəmiyyətə malik bu limanın istifadəyə verilməsi Xəzər dənizində logistika infrastrukturuna Azərbaycanın vacib bir töhfəsidir. Torpaqlarımız işğaldan azad edildikdən sonra Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağının yaranmasına səbəb olmuşdur. Zəngəzur dəhlizi region dövlətlərilə yanaşı Avropanı Asiya ilə birləşdirən ən səmərəli marşrut dəhlizi olacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi tranzit ölkə kimi Azərbaycana mənfəət gətirməklə yanaşı digər dövlətlər üçün də iqtisadi baxımdan çox səmərəli marşrut xətti olacaq.
Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Bu sahədə region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında xüsusi rola malik olmuşuq. Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər