Siyasət

  • 885

Etibarlı əməkdaşlıq əlaqələrinin təsdiqi

image

Prezident İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı ölkələrimiz arasında mövcud olan etibarlı əməkdaşlıq əlaqələrinin bir daha təsdiqi oldu. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Qazaxıstan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Azərbaycan ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvət olunub. Bu dəvət Azərbaycanın üzv dövlətlər ilə inkişaf edən tərəfdaşlığının bariz nümunəsidir. Azərbaycanın xarici siyasətində xüsusən Qazaxıstanla ilə münasibətlərin inkişafı mühüm yer tutur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Qeyd edək ki, ŞƏT-ə üzv dövlətlərlə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilir, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətinin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə olunur. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Onu da qeyd edək ki, bu layihələrdə mühüm halqa olmaq üçün zəruri infrast¬rukturu Azərbaycan özü yaradır. Bu kontekstdən yanaşanda Orta dəhlizin tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolunun Azərbaycan sərmayəsi ilə inşa edildiyini xatırlatmaq kifayətdir.
Həmçinin Azər¬baycanın COP29-a evsahibliyi etməsi onun qlobal səviyyədə siyasət apardığının, nüfuzlu beynəlxalq aktora çevrildiyinin göstəricisidir.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Digər xəbərlər