Siyasət

  • 663

Qarşılıqlı əlaqələrin inkişafında məmnunluq

image

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmiz Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. O cümlədən son illərdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, Transxəzər marşrutunun inkişaf etdirilməsinə böyük töhfələr verməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasına nail olması, hazırda isə Orta Dəhlizin davamı kimi Zəngəzur Dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərməsi ŞƏT üçün ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.Deputat bildirib ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. 3-4 iyul tarixlərində isə Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Prezident İlham Əliyevin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə xüsusi dəvət alması, həmin tədbirlərdə fəal iştirakı Azərbaycan Liderinə və ölkəmizə göstərilən böyük ehtiramın göstəricisidir.Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə səmərəli görüşlər keçirib. Belə ki, Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb. Görüş zamanı prezidentlər qarşılıqlı əlaqələrin inkişafından məmnunluğu bildiriblər. Qeyd edilib ki, iki ölkə arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Həmçinin, iyulun 3-də Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub.Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də ikitərəfli münasibətlər və regiondakı vəziyyət müzakirə olunub. Bundan əlavə, zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bəyannamədə qeyd olunduğu kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Eyni zamanda, münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.Eləcə də, iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Bu üç ölkənin liderinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olunub və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib.Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin Astana Zirvə görüşündə iştirakı və sammitdə dərinməzmunlu çıxışı ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Sammitin yekunu olaraq qəbul edilmiş Astana Bəyannaməsi də gələcək əməkdaşlığın konturlarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.“Beləliklə, Astana Zirvə görüşü Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük önəm daşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi dövlətimizin qlobal səviyyədə siyasət yürütdüyünü, önəmli aktora çevrildiyini və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməyə böyük maraq göstərdiklərini sübut edir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər