Siyasət

  • 836

Azərbaycan ŞƏT-lə fəal əməkdaşlıq edir

image

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmiz bir sıra beynəlxalq qurumlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.

Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf¬li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövləti¬mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə¬sində nail olunub.
Dünyanın 16 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı “ŞƏT+” formatlı Astana Sammitində düzənlənən növbəti zirvə görüşünə Asiya “nəhəng”ləri ilə yanaşı, BMT-nin Baş katibinin şəxsən təşrif buyurması Qərb və Şərq adlandıra biləcəyimiz güc mərkəzləri arasında gedən qlobal mübarizənin virtual mənzərəsinin əyani nümunəsi idi.
Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin lideri Si Cinpin ilə aparılan müzakirələr ayrıca qeyd olunmalıdır. Astanada qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələrarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur.
ŞƏT-in Astana Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında daha çox tranzit, nəqliyyat-logistika məsələlərinə toxundu. Bu gün Azərbaycanın tranzit, nəqliyyat-logistika sahəsində böyük potensialı var. Son 20 il ərzində 19 min kilometrdən çox avtomobil yolu, 1400 kilometrdən çox dəmiryolu xətti çəkilib. Bu çərçivədə əsas hədəf Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırmaqdır.
Bu layihələrdə mühüm halqa olmaq üçün zəruri infrastrukturu Azərbaycan özü yaratdı. Bu kontekstdən yanaşanda Orta dəhlizin tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolunun Azərbaycan sərmayəsi ilə inşa edildiyini xatırlatmaq kifayətdir. Bakıya xüsusi diqqətin artması həm də planetin ən böyük ekoloji forumunun – COP29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Azər-baycanın COP29-a evsahibliyi etməsi onun qlobal səviyyədə siyasət apardığı-nın, nüfuzlu beynəlxalq aktora çevrildiyinin göstəricisidir.
Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Anar Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər