PDF Oxu

Siyasət

  • 3 956

“ŞƏT plyus” formatı Azərbaycanın dünya dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrinin təzahürüdür ŞƏRH

“ŞƏT plyus” formatı Azərbaycanın dünya dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrinin təzahürüdür ŞƏRH

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi getdikcə möhkəmlənir. Ölkəmizin dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənir. Hazırda bölgədə və dünyada söz sahibi olan Azərbaycanın bugünkü inkişafı siyasi, iqtisadi, hərbi, mədəni və sair sahələrdə qazandığı uğurlarla özünü büruzə verir. Beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. 4 iyul 2024-cü il tarixində dövlətimizin başçısı cənab İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı Azərbaycanın dünya dövlətləri ilə mövcud olan etibarlı əməkdaşlıq əlaqələrini bir daha təsdiqi etdi.

Son illərdə Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Qazaxıstan ilə Azərbaycan arasında əlaqələr durmadan genişlənir. İkinci dəfədir ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunub. Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Ümumiyyətlə, ŞƏT-ə üzv dövlətlərlə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilir. Həmçinin bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətinin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə olunur. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsindən və Ermənistanın 30 illik işğalına son qoymasından bəhs edərək, bütün bunların beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməli olduğunu və Azərbaycanın Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış 4 qətnaməsini icra etdiyini diqqətə çatdırmışdır.

Bundan əlavə dövlətimizin başçısı çıxışında Azərbaycanın 2024-cü il COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti də vurğulayaraq qeyd etmişdir: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”.

Ümumiyyətlə, ölkəmizin xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. COP29-a sədrliyi Azərbaycanın qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir. Astana görüşü Azərbaycanın bu təşkilatla uzunmüddətli planda əməkdaşlığı üçün yeni perspektivlər müəyyən edə bilər. Bu gün Azərbaycan qlobal səviyyədə söz sahibi olan ölkələrdən birinə çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər