PDF Oxu

Siyasət

  • 3 422

Qarabağ Bəyannaməsi: türk dövlətləri arasında əməkdaşlığın yol xəritəsi TƏHLİL

Qarabağ Bəyannaməsi: türk dövlətləri arasında əməkdaşlığın yol xəritəsi TƏHLİL

Türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Yeni bir dövrə qədəm qoyan Azərbaycan beynəlxalq təşkilatlarla, eləcə də, Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığa malikdir. "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər" – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmiş əsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi və s. məsələlərə önəm verilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edib. Əlbəttə ki, Türk Şurasının yaradılmasına dair qərarın, Naxçıvanda keçirilən Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün rəmzi əhəmiyyət daşıyır. Naxçıvan sazişi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılmışdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul olunan tarixi qərarlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar oldu. "Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

TÜRK AİLƏSİ İDEYASI ƏTRAFINDA BİRLƏŞMƏYİN ZƏRURİLİYİ

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsi imzalanması tarixi əhəmiyyəti baxımından diqqəti çəkəndir. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə baş tutdu. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Zati-aliləri Cevdet Yılmaz, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Zati-aliləri Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüralıyev iştirak edirdilər. Bu, bir daha ölkəmizin Türk dövlətləri ilə münasibətlərə necə böyük əhəmiyyət verdiyini göstərir. Son illər Azərbaycanın Türk dünyası ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir, əməkdaşlığı isə genişlənərək demək olar bütün sahələri əhatələyir. Belə bir tədbirin Şuşada keçirilməsi Türk dövlətləri arasında əlaqələrin intensiv xarakter aldığını və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdiriyinin daha bir göstəricisidir. XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsi istiqamətində ardıcıl işlər görülür. Bu görüşün təşkili türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

TDT - in siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər.

Şuşada keçirilən sammitin iştirakçıları birlik və əməkdaşlığın vacibliyini qeyd edərək, TDT-nin etibar edilən və dinlənilən güclü struktura çevrilməsinin tərəfdarı olublar. Türk ailəsi ideyası ətrafında birləşməyin zəruriliyi diqqətə çəkilib.

TÜRK DÜNYASINI BİR ARAYA GƏTİRƏN ŞUŞA

Azərbaycan xalqının ənənələrinin bir rəmzi olan, zəngin tarixə sahib Şuşa dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermişdir. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən həmin il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Qarabağda 30 ilə yaxın davam edən işğal Vətən müharibəsindəki Qələbəsindən sonra başa çatdı. Qarabağ, o cümlədən Şuşa 44 günlük Vətən müharibəsində və sonra yaşanan hadisələr baxımından Türk dünyasında birlik və bərabərliyin rəmzinə çevrilib.

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlığın yol xəritəsi oldu. Bu Bəyannamənin bəndləri TDT-nin gələcək sammitləri zamanı nəzərə alınacaq və əsas götürüləcək. Bəyannamədə qeyd olunduğu kimi, Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edir.

2023-cü il noyabrın 3-də "TÜRKTIME" şüarı altında keçirilmiş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley - Astana Zirvə görüşünün uğurlu təşkili təqdirəlayiqdir. TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifi bu əlaqələrin dərinləşməsində müstəsnadır.

Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyəti danılmazdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüş Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürüdür.

Təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhəri ümummilli birləşdirici məkan rəmzi kimi yerini daha da möhkəmləndirir. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi.

Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi Bəyannamədə vurğulanır. ni vurğulanır.

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

"TÜRK DÖVLƏTLƏRİNİN RƏHBƏRLƏRİNİN AZAD EDİLMİŞ TORPAQLARA SƏFƏRLƏRİ QARDAŞLIQ HƏMRƏYLİYİNİN TƏZAHÜRÜDÜR"

Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevirir. Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. "Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər: "Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm".

TDT-nin Baş katibinə sözügedən Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilib.

Prezident İlham Əliyev Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına böyük və davamlı töhfə verərək, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderlik nümayiş etdirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər