Siyasət

  • 1 505

Çin-Azərbaycan əməkdaşlığı bizim böyük uğurumuzdur ŞƏRH

image

Azərbaycanın xarici strategiyasının əsas prioritetlərindən birini də Dövlət başçımız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə multiregional xarici siyasət kursunda müxtəlif inkişaf səviyyəsinə malik dövlətlərlə sıx əməkdaşlıq, yoldaşlıq əlaqələri qurmağa nail olunması təşkil edir. Beləliklə, nəinki region, o cümlədən dünya dövlətlərinin də dostluq əlaqələri qurmağa can atdığı etibarlı tərəfdaşa çevrilən Azərbaycanla siyasi dostluğa və iqtisadi əməkdaşlığa önəm verən belə dünya dövlətlərindən biri də dünyanın siyasi və iqtisadi güc mərkəzlərindən olan Çin Xalq Respublikasıdır.

Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Çin 1991-ci il dekabrın 27-də dövlətin müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrında isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi açılıb. Azərbaycan Respublikasının Ümumilli Lideri Heydər Əliyev 1994- cü ildə ölkələr arasındakı ilk yüksək səviyyəli səfəri həyata keçirib. 2015- ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edərək bu dövlət sədri Si Cinp ilə görüşmüşdür. Bu görüş çərçivəsində iki dövlət başçısı Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalamışdırlar. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olmuşdur. 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilmiş və Çin Xalq Respublikasının dövlət başçısı Si Çinp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “ Çinin böyük dostu” adlandırmışdır. Si Cinpinin sədrliyi dövründə Çinin Azərbaycan ilə münasibətlərinin siyasi, iqtisadi, humanitar və digər aspektlərində olduqca müsbət dinamika müşahidə olunmuşdur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmiz bir sıra beynəlxalq qurumlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir.

İyulun 4-də Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə Prezident İlham Əliyev çıxışı zamanı perspektiv əməkdaşlıq əlaqələrindən geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr ölkəmizə Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycanın tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işlədiyini vurğulayan Prezident İlham Əliyev onu da qeyd etdi ki, ölkəmiz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Dünyanın 16 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı “ŞƏT+” formatlı Astana Sammi­tində düzənlənən növbəti zirvə görüşünə Asi­ya “nəhəng”ləri ilə yanaşı, BMT-nin Baş katibinin şəxsən təşrif buyurması Qərb və Şərq adlandıra biləcə­yimiz güc mərkəzləri arasında gedən qlobal mübarizənin virtual mənzərəsinin əyani nümunəsi idi.

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilmiş görüşdə onu da diqqətə çatdırdı ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu. Ölkə başçısı görüşdə Təxminən 200 ölkənin yekdil dəstəyi ilə bu il ölkəmizdə keçiriləcək COP29-a da diqqət çəkdi. Prezident İlham Əliyev qeyd etdi ki, Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında münasibətlərin inkişaf etdirilmə­sinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin lideri Si Cinpin ilə aparı­lan müzakirələr ayrıca qeyd olunmalı­dır. Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələ­rarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasi­bətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Ümumilikdə Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malik olacaqdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər